ELM VƏ TƏHSİL
Azərbaycan və Qazaxıstana aid elmi jurnalın təqdimatı keçirilib
Almatı, 28 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikasının Almatı şəhərində Əl-Fərabi adına Milli Dövlət Universiteti və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ET İnstitutunun sponsorluğu ilə işıq üzü görən “Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Təmiz və Tətbiqi riyaziyyat” jurnalının Tomson Reyter (TR) siyahısına daxil olması münasibətilə oktyabrın 27-də geniş təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun Tətbiqi Riyaziyyat ET İnstitutunun direktoru, akademik Fikrət Əliyev jurnalın yaranma tarixindən, Qazaxıstan və Azərbaycan alimlərinin birgə uğurlarından söz açıb, gələcəkdə də bu təcrübənin türk dünyasının elm aləminə nüfuz etməsi prosesinin təkmilləşdirilməsinin lazım olduğunu vurğulayıb. Həmçinin bildirib ki, ilk dəfə olaraq dünya elm ictimaiyyəti türk dünyasının varlığını ciddi olaraq qəbul edib.
Tədbirdə TR agentliyinin MDB ölkələri üzrə məsul işçisi xanım D.Buxtoyarova bu təcrübəni yüksək qiymətləndirib və gələcəkdə onun daha da genişləndirərək regionda istifadə olunmasını tövsiyə edib. Sonra akademiklər T.Kalmenov, M. Otelbayev, professorlar M. Bekmesov, A. Kudurbek çıxış edərək Qazaxıstan elmi ictimaiyyətini bu uğur münasibətilə təbrik edib və bu prosesin ciddi davam etdirilməsinin vacibliyini bildiriblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı