CƏMİYYƏT
Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illik yubileyinə həsr olunmuş festival keçiriləcək
Bakı, 26 aprel, AZƏRTAC
Yaponiyanın Nippon Fondunun direktoru Yokoo Norihiko, fondun layihə rəhbəri Miki Nozaki və məsul şəxs Mariko Toyohira Azərbaycana səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi iyunun 24-25-də Azərbaycan Milli Abilimpiya Federasiyası və Yaponiyanın Nippon Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək “True Color Festival”a hazırlıq işləri, festivalın proqramı və iştirakçıları ilə tanış olmaqdır. Festival Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illik yubileyinə həsr olunacaq.
Nippon Fondu, Milli Abilimpiya Federasiyası və Yaponiyanın Azərbaycandakı səfirliyi arasında gələcək əməkdaşlıq mövzusunda görüşlər keçiriləcək. Səfər çərçivəsində Nippon Fondunun nümayəndə heyəti Milli Abilimpiya Federasiyasının fəaliyyəti və dövlətimiz tərəfindən əlilliyi olan şəxslərin peşə bacarıqlarının və istedadlarının artırılması üçün yaradılmış şəraitlə tanış olacaqlar.