AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN HƏYATA KEÇİRDİYİ TƏDBİRLƏR TARİXİ ƏHƏMİYYƏTİNİ HEÇ ZAMAN İTİRMƏYƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 30-da Azərbaycanda Atatürk Mərkəzində Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (MİMHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı MİMHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova açaraq xatırlatmışdır ki, XIX əsrin ortalarından başlanan mürəkkəb ictimai-siyasi proseslər Azərbaycan cəmiyyətində də əsaslı dəyişikliklərə səbəb olmuş, 1918-ci ilin mayında Şərqdə ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələnmişdir. Bu demokratik dövlətin yaranması bütün Şərqə böyük təsir göstərmişdir. AXC zaman baxımından qısa dövr yaşasa da, onun həyata keçirdiyi tədbirlər tarixi əhəmiyyətini heç zaman itirməyəcəkdir. Bu dövlət tərəfindən əsası qoyulmuş ideyalar XX əsrin 90-cı illərində bərpa olunmuş müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilməyə başlamışdır.
28 Mayın Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyən natiq, bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, onun həyata keçirdiyi tədbirlər XX əsrin sonunda xalqımıza milli dövlətçilik ənənələrini bərpa etməkdə siyasi və mənəvi məktəb olmuşdur. Ən əsası isə o, xalqımızda azadlıq, müstəqillik hisslərini daha da gücləndirmişdir. Respublikamız ilə bağlı “ilk” sözünü işlətməyə haqqımız vardır. Belə ki, Şərqdə ilk teatr, ilk opera, ilk parlamentli dövlət, qadınlara ilk səsvermə hüququnun verilməsi həqiqətən xalqımızın yüksək mədəniyyətə və ictimai-siyasi düşüncəyə malik olduğunun bariz nümunəsidir.
C.Səttarova XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövlətinin ilk illərdə səriştəsiz rəhbərlik ucbatından müxtəlif təhlükələrlə üzləşdiyini, yalnız xalqımızın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, titanik zəhməti sayəsində dəhşətli bəlalardan xilas olduğunu vurğulamışdır.
Konfransda R.Mustafayev adına Dövlət İncəsənət Muzeyinin şöbə müdiri Araz Osmanov “Cümhuriyyətin təşəkkül tapması, Azərbaycan bu gün”, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) ictimai-siyasi redaksiyasının əməkdaşı Albina Atlıxanova “28 May milli tariximizin şanlı səhifəsidir”, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Xuraman İsmayılova “Mübarizlərdən dərs alaq” mövzularında məruzələrlə çıxış etmişlər.
Maraqla qarşılanan məruzə və çıxışlarda vurğulanmışdır ki, bu gün ölkəmizin müasir dövrü və Xalq Cümhuriyyətinin hansı şəraitdə nəyə qadir olduğu barədə beynəlxalq aləmdə geniş təbliğat işləri aparılmalıdır və bu istiqamətdə tədbirlər görülür.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti, dərin zəkası və titanik fəaliyyəti ilə əbədi müstəqillik qazanmış Azərbaycanın qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində getdikcə artır.