AZƏRBAYCAN XALQININ HƏMİŞƏYAŞAR LİDERİ
Bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə iştirak edirdi. Nümayəndələr arasında Tacikistan Respublikası Sahibkar Qadınlar Assosiasiyasının sədri, tarix elmləri namizədi Səbahət Rəhimzadə də vardı.
AZƏRTAC tacikistanlı qonağın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqaləsini oxucuların diqqətinə təqdim edir.
Görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının əfsanəvi liderinə çevrilmişdi. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü onun adı ilə qırılmaz tellərlə bağlıdır. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi müddətdə Azərbaycan dövləti ən ağır və çətin sınaqlara sinə gərmiş, Azərbaycan xalqı iqtisadiyyat, mədəniyyət, elm və başqa sahələrdə böüyk tərəqqiyə nail olmuşdur.
Mən xoşbəxtəm ki, 1983-cü ildə Moskvada Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil aldığım dövrdə Heydər Əliyevlə şəxsən görüşüb tanış olmuşam. O vaxt mən doğma respublikamdan uzaqda olsam da, Tacikistanın üzləşdiyi çətinliklər və problemlər həmişə mənim diqqət mərkəzimdə idi. Tacikistanın Kurqan-Tübe vilayətinin Kumsangir rayonunun rəhbəri İsmayıl Qurbanovla Moskvada görüşəndə o, mənə dedi ki, rayonda kənd təsərrüfatı texnikasının, materiallarının və xalq istehlakı mallarının qıtlığı ucbatından rayona rəhbərlik etmək, orada işləmək çox çətinləşmişdir, xalq yoxsul həyat sürür, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün yollar axtarmaq lazımdır. Qurbanov daha sonra dedi ki, bunlar daxili məsələlərdir və bunları necəsə həll etmək olar, amma Kumsangirdə və qonşu Pənc rayonunda xarici siyasi vəziyyətin sabitliyinin getdikcə pisləşməşi ciddi təşviş doğurur. Burada oxuculara izah etmək istəyirəm ki, o vaxt Əfqanıstan sərhədinə yaxın ərazidə yerləşən bu iki rayonda hərbi vəziyyət çox gərginləşmişdi. Əfqanıstan sakinləri tez-tez Tacikistan sərhədini pozur, antisovet təbliğat aparır, respublikaya narkotik maddələr gətirirdilər. Oğurluq, xüsusən yerli əhalinin mal-qarasının oğurlanması halları çoxalmışdı. Müxalifətçi qüvvələrin Tacikistana hərbi müdaxilə etməsi qorxusu yaranmışdı. Qurbanov ürək yanğısı ilə deyirdi ki, vilayətin və respublikanın hakimiyyət orqanları onun bu barədə məlumatına inamsızlıqla yanaşır və heç bir tədbir görmürlər.
Mən Qurbanovun bu fikirlərini Tacikistanın sabiq baş prokuroru, o dövrdə mənimlə bərabər Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının müdavimi olan Nurulla Xuvaydullayevə çatdırdım. O, məni dinlədikdən sonra dedi ki, bu məsələlərin həlli respublikadan daha çox Mərkəzdən - Moskvadan, SSRİ Nazirlər Sovetindən asılıdır. Sonra o, əlavə etdi ki, bu məsələləri SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev yaxşı bilır.
Mən dərhal onu inandırmağa başladım ki, Əliyevin qəbuluna düşmək, bu barədə ona məlumat vermək və tədbir görülməsini xahiş etmək lazımdır. Nurullo Xuvaydullayeviç xəfifcə gülümsəyərək dedi: “Səbohət Rəhimovna, bunu demək asandır, amma hökumət sədrinin birinci müavininin qəbuluna düşmək heç də asan məsələ deyil”.
Mən qətiyyətlə yerimdən qalxaraq dedim ki, onun qəbuluna düşməyə nail olacağam. Nazirlər Sovetinə zəng etdim. Orada mənə məsləhət gördülər ki, hökumətə ünvanlanmış məktub yazım. Mən onlara cavab verdim ki, məndə məxfi informasiya var, bu məsələ ölkənin təhlükəsizliyinə aiddir və bunu yalnız qəbulda və şəxsən Heydər Əliyevlə görüşdə deyə bilərəm. Mənə izah etdilər ki, bu mümkün deyil, Heydər Əliyevin qəbuluna yalnız Tacikistanın rəhbərliyi düşə bilər. Mən təslim olmadım, başqa yollar axtarmağa başladım və belə bir imkan yarandı. Bizi, yəni Akademiyanın müdavimlərini tez-tez dövlət tədbirlərinə, qəbullara və bayramlara dəvət edirdilər. Həmin il 1 May bayramında mən Lenin Mavzoleyinin tribunasının yaxınlığında dayanmışdım. Sov.İKP MK Siyasi Bürosunun üzvləri bizim yanımızdan keçirdilər. Onların arasında Heydər Əliyevi görəndə cəsarətimi toplayıb boynumdakı qırmızı şarfı çıxardım, onu yellədərək yerimdə hoppana-hoppana uca səslə çağırdım: “Heydər Əliyeviç!”. O, öz adını eşidəndə dönüb gülümsədi. Bu, məni bir qədər də ürəkləndirdi və mən uca səslə dedim: “Məndə sizin üçün ölkənin təhlükəsizliyi ilə bağlı məlumat var, xahiş edirəm, məni qəbul edin...”. Əliyev razılıq əlaməti olaraq əlini yuxarı qaldırdı və başını tərpətdi.
Az sonra dolu bədənli, zabitəli bir kişi mənə yaxınlaşıb kəskin şəkildə dedi: “Siz nə üçün ictimai yerdə özünüzü belə qeyri-ciddi aparırsınız?”. Onun nəzakətsiz davranışı mənim xatirimə dəydi və mən dərhal cavab verdim: “Bunun Sizə dəxli yoxdur. Yəqin ki, sizdə, Moskvada hər şey yaxşıdır, amma mənim vətənim Tacikistanda Mərkəzin ciddi diqqətini tələb edən problemlər var”. O, məni diqqətlə süzdü və bu dəfə bir qədər yumşaq tərzdə soruşdu: “Bağışlayın, siz komsomolda işləməmisiniz?”. Mən cavab verdim: “İşləmişəm”. O, artıq gülümsəyərək dedi: “Sizin sifətiniz mənə tanış gəlir, mən də komsomol işçisi olmuşam, indi isə mühafizə xidmətində çalışıram”. Həmin şəxs məni dinlədi, mənə aid məlumatları qeyd etdi və mənə zəng vuracağını vəd etdi. Doğrudan da, bir müddətdən sonra o, mənə zəng vurub Heydər Əliyeviçin məni qəbul edəcəyini və görüş vaxtını bildirdi.
Heydər Əliyevə xas olan yüksək nəzakət, xeyirxahlıq və müdriklik kimi keyfiyyətləri xüsusi qeyd etmək istəyirəm. Mən Heydər Əliyeviçin kabinetinə daxil olanda o, yerindən qalxıb təbəssümlə mənə yaxınlaşdı, səmimiyyətlə əlimi sıxıb stol arxasında yer göstərdi, sonra mənimlə üzbəüz əyləşdi və özüm barədə, ailəm barədə, Moskvada təhsil almağımla əlaqədar suallar verdi, maraqlandı ki, paytaxtda teatrlara gedirəmmi. Mən deyəndə ki, müntəzəm olaraq teatr tamaşalarına gedirəm və ən yaxşı tamaşalara baxıram, Heydər Əliyeviç yaxşı mənada təəccübləndi. Beləcə səmimi ab-hava yaranandan sonra o, hiss olunmadan söhbətin mövzusunu dəyişərək məni narahat edən problemə yönəltdi. O, məni diqqətlə dinləyir, suallar verir, yazılı qeydlər edirdi. Söhbətdə iştirak edən əməkdaşa tapşırıq verdi: “Təcili bu məsələni öyrənib rəy verin”. Heydər Əliyeviç elə oradaca telefonla Tacikistan Kommunist Partiyası MK-nın birinci katibi Cabbar Rəsulova zəng vurub Əfqanıstan sərhədində yaranmış vəziyyətdən narahat olduğunu bildirdi və təcili tədbirlər görülməsini tövsiyə etdi. Daha sonra o dedi ki, ölkə rəhbərliyi Əfqanıstanın və Tacikistanın müvafiq instansiyaları ilə razılaşdırılmış təkliflər hazırlayacaq, Tacikistanın siyasi və iqtisadi sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün əsaslı tədbirlər görüləcəkdir. Mən Heydər Əliyeviçin əsl rəhbərə xas olan qətiyyət, məsuliyyət, operativlik, heç bir xalqın, heç bir regionun problemlərinə biganə qalmamaq kimi ən yaxşı keyfiyyətlərinin əyani təzahürünü gördüm.
Söhbətin sonunda Heydər Əliyeviç mənə təşəkkür etdi, konfet və çaya qonaq etdi, vidalaşanda isə dedi: “Mən heç bilmirdim ki, tacik qızları belə cəsarətli və qətiyyətli olur”. Sonra əlavə etdi: “Siz bu gənc yaşınızda rəhbər vəzifələrdə işləmisiniz, üç uşaq tərbiyə etmisiniz, üstəlik, Moskvada təhsil alırsınız - bütün bunlar sizin üçün çətin deyilmi?” Mən təbəssümlə cavab verdim: “Hələlik hamısının öhdəsindən gəlirəm...”
Vidalaşarkən mənə dedi ki, mənim üçün sürpriz edəcəkdir. Qəbul otağında mənə bir zərf verdilər. Zərfin içində Böyük Teatra, “Spartak” tamaşasına bilet və bütün ailəmiz üçün Soçiyə sanatoriya-kurort putyovkası vardı.
Heydər Əliyevin bu qayğıkeşliyi, diqqəti və yüksək insani keyfiyyətləri məni hədsiz heyrətləndirdi. Təəssüf ki, bu gün yüksək rəhbər vəzifələr tutanların çoxunda bu keyfiyyətlər yoxdur.
Heydər Əliyevin də mənim kimi may ayında anadan olduğunu biləndən sonra mayın 10-da ona minnətdarlıq və təşəkkür əlaməti olaraq təbrik açıqcası göndərmişdim. Mayın 25-də onun adından təbrik və bir böyük gül dəstəsi alanda sözün yaxşı mənasında çox təəccüblənmişdim. Bu, Heydər Əliyevin yüksək insani keyfiyyətlərinin, onun adamlara diqqətinin və xeyirxah münasibətinin daha bir əyani təsdiqi oldu. Axı, Heydər Əliyev o vaxta qədər məni tanımırdı.
Bu böyük insanla görüşüm mənim xatirəmdə həmişəlik iz buraxmışdır və taleyimdən çox razıyam ki, Azərbaycan xalqının əfsanəvi oğlu ilə görüşmək səadətinə nəsib olmuşam.
Unudulmaz Heydər Əliyeviçin 85 illik yubileyi münasibətilə Azərbaycan xalqına bundan sonra da firavanlıq, sülh və ən xoş arzularımı bildirmək istəyirəm.
######
