MƏDƏNİYYƏT
“Azərbaycançılıq məfkurəsi” kitabı işıq üzü görüb
Bakı, 27 iyun, AZƏRTAC
Yazıçı-alim Sadıq Qarayevin beşinci kitabı olan “Azərbaycançılıq məfkurəsi” işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, altı fəsildən ibarət kitabda müxtəlif janrlarda yazılmış əsərlər yer alıb. Birinci fəsil hekayə və esselərdən ibarətdir. Burada yazıçı janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeniliklər yaradıb.
Müəllifin “Düzülüş və mövcudluq”, “Ziddiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir.
İkinci fəsildə Azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən, əsaslandıran elmi-fəlsəfi bədii yazılar nümayiş olunur. Üçüncü və dördüncü fəsillərdə müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, müxtəlif janrlı yazılar mövcuddur. Beşinci fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri qeyd olunub.