AZƏRBAYCANDA DİNLƏRLƏ BAĞLI HEÇ BİR PROBLEM YOXDUR
Fransada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Parisdə YUNESKO-nun Mədəniyyətlərarası Dialoq Departamentinin direktoru xanım Katerina Stenu ilə görüşmüşdür. Azərbaycanın Fransadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, hacı Allahşükür Paşazadə son illər YUNESKO-nun himayəsi altında həyata keçirilən mədəniyyətlərarası və dinlərarası dialoqun genişlənməsindən məmnun olduğunu bildirmiş və bu sahədə Azərbaycanın nümunə olduğunu qeyd etmişdir. Seyxülislam demişdir ki, Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər arasında çox yaxşı əlaqələr vardır və din sahəsində heç bir problem yoxdur. Rəhbərlik etdiyi və hər üç dinin nümayəndələrinin daxil olduğu Ali Dini Şuranın fəaliyyətindən danışan sədr demişdir ki, qarşıya çıxan problemlər Şurada dərhal həll edilir. A. Paşazadənin sözlərinə görə, Azərbaycanda dini problemin yoxluğu Azərbaycan xalqının başqa mədəniyyətlərə və dinlərə münasibətdə dözümlü olmasına bariz sübutdur. O, Azərbaycan tarixində heç vaxt antisemitizm hisslərinin olmadığını xüsusi qeyd etmişdir. A. Paşazadə son illər islama başqa don geydirməyə cəhd edildiyini bildirdi. 2001-ci ildə ABŞ-da baş vermiş məlum terror hadisəsindən sonra bu istiqamətdə cəhdlərin artdığını xüsusi vurğuladı. Məlumat verdi ki, bunun qarşısını almaq üçün 11 sentyabr hadisəsindən bir neçə gün sonra Qafqaz müsəlmanları “İslam terrora qarşı” mövzusunda konfransa toplaşmış, baş verən hadisəni qəti pisləmiş və bu cür aktları törədənlərin dözümlülük və insanlara məhəbbət dini olan islama heç bir aidiyyatı olmadığını bəyan etmişlər. Sonra A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin böyük intellektual potentsiala malik olduğunu və onun Dini Araşdırmalar Mərkəzində 40-a qədər alimin, o cümlədən 15-ə qədər akademikin çalışdığını qeyd etdi. Şeyxülislam bu mənada YUNESKO-nun din və islama dair layihələrinin həyata keçirilməsinə, konfrans və seminarların təşkilinə Qafqaz Müsəlmanları İdarəsinin öz ekspertləri ilə yardım göstərməyə hazır olduğunu bildirdi.Azərbaycan-YUNESKO əlaqələrinə toxunan A.Paşazadə bu və digər layihələrin həyata keçirilməsində beynəlxalq qurumun Azərbaycana yardım göstərməsinə görə təşəkkür etdi. O, İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasından məmnun olduğunu, Azərbaycanın digər abidələrinin də həmin siyahıya salınmasını arzu etdiyini bildirdi. Qafqaz müsəlmanlarının rəhbəri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki abidələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasının vacibliyini xüsusi qeyd etdi. O, fikrinin davamı olaraq bir vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinə də dini don geyindirmək istəyənlərin olduğunu, lakin bu bədnam siyasətin həyata keçmədiyini bildirdi. Xanım K.Stenu A.Paşazadəyə onunla görüşmək təşəbbüsünə görə təşəkkür etdi, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsində həqiqi dini araşdırıçıların köməyinə ehtiyac olduğunu bildirdi. O, Qafqaz Müsəlmanları İdarəsi, onun geniş potensialı və imkanları haqqında golğun məlumat aldığını və bundan sonra həmin qurumun imkanlarından yararlanmağa çalışacağını bildirdi.Görüşdə Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova iştirak etmişdir.