İQTİSADİYYAT
Azərbaycanda “Facebook” istifadəçiləri arasında kişilər üstünlük təşkil edirlər
Bakı, 7 mart (AZƏRTAC). Azərbaycanda məşhur “Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı 702 min 400-ə çatmışdır.
AZƏRTAC “socialbakers.com” internet resursuna istinadla xəbər verir ki, Azərbaycan “Facebook” istifadəçilərinin sayı üzrə reytinqdə bu il yanvarda 91-ci yerdə idisə, indi 87-ci mövqedə qərarlaşmışdır. Ümumiyyətlə son altı ayda Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 211 mindən çox artmışdır. Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin 64 faizi kişi, 36 faizi isə qadındır.
Azərbaycanda “Facebook” istifadəçilərinin yaş kateqoriyaları üzrə 13-15 yaş arasında olan istifadəçilər 8 faiz, 16-17 yaş arasında olan istifadəçilər 12 faiz, 18-24 yaş arasında olan istifadəçilər 47 faiz, 25-34 yaş arasında olan istifadəçilər 23 faiz, 35-44 yaş arasında olan istifadəçilər 6 faiz, 45-54 yaş arasında olan istifadəçilər 2 faiz, 55-64 və 65-dən yuxarı yaş arasında olan istifadəçilər isə ayrı-ayrılıqda 1 faiz təşkil edir.