AZƏRBAYCANDA İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏYƏ CİDDİ YANAŞILIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov iyunun 17-də ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi xanım İva Bioden ilə görüşmüşdür.
Nazir rəhbərlik etdiyi qurumla ATƏT-in və onun Bakı ofisinin əlaqələrindən, xüsusən insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, transmilli mütəşəkkil cinayətkarlığın bir növü olan insan alveri ilə mübarizə aparmaq hüquq-mühafizə orqanlarının qarşısında mühüm bir vəzifə kimi durur və milli əxlaqımıza zidd olan bu növ cinayətlərlə mübarizənin daha səmərəli aparılması polisin nüfuzuna müsbət təsir edən amillərdəndir. Bu gün ölkəmiz insan alverinə qarşı mübarizəyə yönəlmiş bütün beynəlxalq konvensiyalara qoşulmuşdur. Beynəlxalq normaların müddəaları nəzərə alınaraq Azərbaycan Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmiş, 2005-ci il iyunun 28-də insan alverinin profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsaslarını tənzimləyən “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Həmin il sentyabrın 30-dan Azərbaycanda insan alveri əməlinin cinayət kimi tanınması üçün qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmişdir. Milli Fəaliyyət Planına əsasən, daxili işlər nazirinin 2004-cü il 19 may tarixli əmri ilə həmin planın həyata keçirilməsi üzrə məsul şəxs - Milli Koordinator təyin olunmuşdur. Həmin il nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bilavasitə tabe olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsi təsis edilmiş, sonradan bu işin əhəmiyyəti, beynəlxalq qurumların irəli sürdüyü tövsiyələr, habelə bir sıra Avropa dövlətlərinin təcrübəsi nəzərə alınaraq, ölkə Prezidentinin 2006-cı il 1 avqust tarixli Fərmanı ilə DİN-in strukturunda müstəqil idarə - İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılmışdır. Bir sözlə, ölkəmizdə bu növ cinayətlərlə mübarizə üçün lazımi hüquqi baza vardır.
Ramil Usubov qeyd etmişdir ki, idarənin yeni əməkdaşlarla komplektləşdirilməsi üçün ABŞ səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının və ATƏT-in Bakı Ofisinin, ABŞ Hüquqşünaslar Assosiasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə müsabiqə və şəffaflıq prinsipi əsasında test imtahanları keçirilmişdir. İdarədə xidmət edən əməkdaşların 23,4 faizini qadınlar təşkil edir. 2006-cı il oktyabrın 12-də ABŞ səfirliyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatı Bakı nümayəndəliyi rəhbərlərinin iştirakı ilə açılmış, beynəlxalq standartlara uyğun müasir sığınacaq, həftənin bütün günləri 24 saat ərzində ödənişsiz xidmət göstərən, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edən “152” və “562-21-12” nömrəli “Qaynar xətt” telefonları bu növ cinayətlərin qurbanlarına, ehtimal olunan qurbanlarına tibbi, psixoloji, hüquqi və digər yardımlar göstərir.
Daxili işlər naziri ABŞ Dövlət Departamentinin dünyada insan alveri ilə mübarizənin vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı bəzi iradlarla razılaşmadığını bildirərək qeyd etmişdir ki, müəyyən problemlər olsa da, bu, görülən işlərə kölgə sala bilməz.
Ramil Usubov 2007-ci il ərzində insan alveri ilə bağlı 74 fakt aşkar olunduğunu və 101 nəfər qurban müəyyən edildiyini, 85 nəfərin məsuliyyətə cəlb olunduğunu, 2008-ci ilin ötən dövründə isə 39 cinayət faktı aşkar edildiyini, 36 qurban müəyyən olunduğunu və 45 nəfərin məsuliyyətə cəlb edildiyini bildirmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator - daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Azərbaycanın coğrafi mövqeyinə görə həm tranzit, həm də mənbə ölkə olduğunu xatırlatmış, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəraitində transmilli mütəşəkkil cinayətkarlığın bu növü ilə mübarizə sahəsində görülən işləri, cinayətlərin başvermə səbəblərini araşdırmaq, bu sahədə əhalini maarifləndirmək məqsədi ilə ötən il ölkənin 54 şəhər və rayonunda keçirilən seminarlar barədə məlumat vermişdir.
Xanım İva Biode Azərbaycanda insan alverinə qarşı mübarizəyə ciddi yanaşıldığını və bu sahədə regional əməkdaşlığın mühüm rolu olduğunu qeyd etmişdir. O, beynəlxalq təcrübəyə uyğun olaraq QHT-lərlə və səhiyyə orqanları ilə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulamışdır.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur.