CƏMİYYƏT
Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı normativ aktlar və qanunlar təkmilləşdirilmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “ Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının” IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və Polis Akademiyasının birgə təşkil etdiyi “dəyirmi masa”da Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları, Ədliyyə Nazirliyinin, QHT-lərin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları akademiyada ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, “Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz”lə tanış olmuşlar.
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bildirmişdir ki, proqramın qəbul edilməsi Azərbaycanda insan hüquq və azadlıqlarının və digər demokratik dəyərlərin təmin edilməsinə verilən əhəmiyyətin bariz nümunəsidir. Milli Fəaliyyət Proqramının təsdiqlənməsi, insan hüquqları və azadlıqlarının müdafiəsinin dövlətimizin başçısının həyata keçirdiyi siyasətin prioritetlərindən biri olduğunu sübut edir.
Akademiyanın rəisi demişdir ki, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı normativ aktlar və qanunlar təkmilləşdirilmişdir. Bu sahədə bir çox vacib işlər görülmüşdür. Milli Fəaliyyət Proqramının icrası çərçivəsində Polis Akademiyasında görülən işlərin əsas məqsədi polislərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizminin müəyyən edildiyi Milli Fəaliyyət Proqramının bütün fəsilləri insan hüquqlarının müdafiəsi sahəsində tədbirlərin istiqamətlərini əks etdirir.
Milli Fəaliyyət Proqramının dövlət strukturları qarşısında bir çox mühüm vəzifələr qoyduğunu deyən AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva qeyd etmişdir ki, Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur. İnsan hüquq və azadlıqları sahəsində Azərbaycan bir çox nailiyyətlər əldə etmişdir.
Aytən Mustafayeva Milli Fəaliyyət Proqramına əsasən İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu qarşısında müəyyən olunmuş qaydalar haqqında iştirakçılara məlumat vermişdir. O, təmsil etdiyi institutun Daxili İşlər və Ədliyyə nazirlikləri və digər əlaqədar qurumlarla əməkdaşlıq etdiyini, bu əlaqələrin bu gün də uğurla davam etdiyini bildirmişdir.
Fəlsəfə elmləri doktoru, professor, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, Milli Fəaliyyət Proqramı “Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində irəli sürülmüş bir sənəddir. Hər bir Azərbaycan vətəndaşı sabahının necə olacağını, hansı mühitdə yaşayacağını, onun genişlənən hüquq və azadlıqlarının nə cür təmin olunacağını bilmək istəyir.
R.Aslanova demişdir ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən ölkəmizdə vətəndaşların hüquqlarının qorunması, dövlət- vətəndaş münasibətlərinin inkişaf etdirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. 1993-cü ildən indiyədək bu sahədə çox böyük sənədlər qəbul edilmişdir. Hazırda dövlət insan haqları probleminə kifayət qədər həssaslıqla yanaşır. Bu gün bizim müzakirə etdiyimiz mövzu Azərbaycanın gələcək illərdə insan hüquq və azadlıqlarının qorunması sahəsində atılacaq addımların və bu addımların hansı metodlar vasitəsilə gerçəkləşməsi məsələsidir.
Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Rafael Cəbrayılov və digərləri mövzu ilə bağlı çıxış etmişlər. Bildirilmişdir ki, Milli Fəaliyyət Proqramında hər bir dövlət orqanının insan hüquqlarının qorunması istiqamətində fəaliyyəti və həyata keçirilməsi mexanizmləri konkret olaraq göstərilmişdir.
Tədbirdə “Milli Fəaliyyət Proqramının icrası ilə bağlı İnsan Hüquqları İnstitutunun fəaliyyət perspektivləri”, “Polis Akademiyasında insan hüquqlarının tədrisi sahəsində görülən işlər” mövzusunda çıxışlar olmuşdur.
Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun hazırladığı tədris vəsaitləri akademiyaya təqdim olunmuşdur.