İDMAN
Azərbaycanda keçiriləcək dünya çempionatının təbliğatı davam edir
Bakı, 12 aprel (AZƏRTAC). Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan- 2012”nin yerli təşkilat komitəsinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələri ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMİU-nun tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımov Azərbaycanda 2012-ci ilin “İdman İli” elan olunmasının və U-17 qadınlararası dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Çempionatın ümumi təqdimatının və könüllülük proqramının təqdim edildiyi görüşdə tələbələrə mötəbər tədbirə hazırlıq çərçivəsində görülən işlər haqqında məlumat verilmiş, bu tip beynəlxalq turnirin ölkəmiz üçün önəmi barədə müzakirələr aparılmışdır.
Gənclər, həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə məlumatlandırılmışlar.
İki yüzdən çox tələbənin iştirak etdiyi tədbirdə gənclərə dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan “Könüllülük Proqramı”, könüllü olmağın səmərəsi, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı məlumat verilmişdir.
Təqdimatda yerli təşkilat komitəsi əməkdaşları tərəfindən verilən sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanmışlar.