İDMAN
Azərbaycanda keçiriləcək dünya çempionatının təbliğatı davam edir
Bakı, 18 aprel (AZƏRTAC). Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan -2012”nin yerli təşkilat komitəsinin nümayəndələri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş keçirmişlər.
AZƏRTAC xəbər verir ki, çempionatın ümumi tanıtımının və “Könüllülük proqramı”nın təqdim edildiyi tədbirdə tələbələrə böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilmiş, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılmışdır.
Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumatlandırılmışlar.
Tədbirdə dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan “Könüllülük proqramı”, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat verilmişdir. Təqdimat zamanı sualları düzgün cavablandıran tələbələr dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanmışlar.
Qeyd edək ki, çempionatın yerli və xarici şəxslərdən formalaşacaq 1000 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi mayın 12-dir. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.