ELM VƏ TƏHSİL
Azərbaycanda mikrobiologiyanın inkişaf perspektivlərinə həsr olunan konfransa məqalə qəbulu yekunlaşır
![Azərbaycanda mikrobiologiyanın inkişaf perspektivlərinə həsr olunan konfransa məqalə qəbulu yekunlaşır](/files/2022/1/1200x630/16468077243350735752_1200x630.jpg)
Bakı, 9 mart, AZƏRTAC
Martın 29-30-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Mikrobiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Yeni tendensiyalar və innovasiyalar: Azərbaycanda mikrobiologiyanın inkişaf perspektivləri” mövzusunda keçiriləcək respublika elmi-praktik konfransına məqalə qəbulu yekunlaşır.
Bu barədə AZƏRTAC-a Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbir Mikrobiologiya İnstitutunun 50 illiyinə və akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr edilib.
Konfransda plenar məruzə və seksiya çıxışları nəzərdə tutulub və bunun əsasında toplu dərc ediləcək. Topluya daxil ediləcək materiallar martın 10-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. Konfransda məruzə və çıxışlar Azərbaycan dilində olacaq. Göndərilən materiallar isə türk, ingilis və rus dillərində də ola bilər. Konfransda iştirak etmək istəyənlər “Müxtəlif biotopların göbələk və bakterial biotasının müxtəlifliyinin ekoloji, fizioloji-biokimyəvi və biotexnoloji aspektləri”, “Mikroorqanizmlər - bioloji aktiv maddələrin produsenti kimi”, “Biotəhlükəsizlik və onun müasir dövrdə təminatının mikrobioloji aspektləri” istiqamətlər üzrə materiallar göndərə bilərlər.
Materialların yazılması zamanı istinadlar da verilə bilər. Bu halda Ali Attestasiya Komissiyasının dissertasiyaların tərtibatı zamanı nəzərdə tutduğu qaydalardan istifadə edilməsi məqsədəuyğundur.