CƏMİYYƏT
Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcuddur
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Belçikanın sabiq Baş naziri, Avropa Xalqları Partiyasının (AXP) sədri, tanınmış ictimai-siyasi xadim Uilfrid Martens ölkəmizə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olmuşdur.
AZƏRTAC xəbər verir ki, burada keçirilən görüşdə tolerantlıq, dinlərarası münasibətlər, dini dözümlülük və digər məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini dəyərlərin qorunub saxlanılması istiqamətində dövlətimizin başçısının diqqət və qayğısı sayəsində görülmüş işlər, ölkəmizdə din və dövlət münasibətləri barədə məlumat vermişdir. O, həmçinin tolerantlığın Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafında oynadığı roldan bəhs etmiş, ölkəmizdə dilindən, dinindən asılı olmayaraq, bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Allahşükür Paşazadə demişdir ki, problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır.
Uilfrid Martens ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, dini-mənəvi istiqamətdə böyük işlər görüldüyünü və nümunəvi tolerantlıq mühitinin mövcudluğunu vurğulamış, Azərbaycanda dinlərarası dialoqun, dini dözümlülüyün böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Onu da qeyd etmişdir ki, regionda sülhün, sabitliyin bərqərar olmasının tərəfdarıdır.
Görüşdə rus pravoslav kilsəsinin Bakı yeparxiyasının rəhbəri Aleksandr ata, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov qeyd etmişlər ki, Azərbaycanda dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir. Müsəlman, yəhudi və pravoslav məbədlərinin bərpası və inşası üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Sonda Uilfrid Martensə hədiyyələr təqdim olunmuşdur.