İDMAN
Azərbaycanda öz komandalarını dəstəkləməyi bacarırlar
Riqa, 31 mart (AZƏRTAC). Latviya Futbol Federasiyası arbitraj komissiyasının rəhbəri Ayvar Berqer Latviya kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində demişdir ki, son vaxtlar Azərbaycan istiqaməti təkcə Latviya futbolçuları üçün deyil, həm də məşqçilər üçün çox populyar olmuşdur.
Latviya Futbol Federasiyasının arbitraj komissiyasına bu yaxınlardan rəhbərlik edən A.Berqer təkcə idman funksioneri deyil, həm də uğur qazanan sahibkardır. O, bu yaxınlarda məhz biznes işləri ilə əlaqədar Azərbaycana səfər etmiş və təbii ki, paytaxtın “Bakı” klubunun iştirakı ilə iki futbol qarşılaşmasına baxmaq fürsətini əldən verməmişdir. “Bakı” futbol klubuna Latviya yığmasının baş məşqçisi Aleksandr Starkovun rəhbərlik etdiyini nəzərə alsaq, A.Berqerin bu kluba marağını başa düşmək çətin deyildir.
A.Berqer təəssüratını jurnalistlərlə belə bölüşmüşdür: “Mən “Bakı” futbol klubunun rəhbərliyi ilə birinci il deyildir ki, tanışam. Bu işgüzar əlaqələrdir və A.Starkovun dəvəti ilə bağlı deyildir. Azərbaycanda futbolu sevirlər və öz komandalarına dəstək verməyi bacarırlar. Sizin futbol böyük həvəsə və emosiyalara əsaslanır. Sizdə futbolun inkişafı üçün bütün lazımi tədbirlər görülür”.
Aleksandr Starkova gəldikdə isə A.Bergerin sözlərinə görə, onu əvvəllər də “Bakı” futbol komandasına dəvət edirdilər. Məhz buna görə də Azərbaycan futbol klubunun rəhbərliyi ona güzəştə getmiş və Latviya yığma komandasının baş məşqçisi postunda da fəaliyyətini davam etdirməsinə icazə vermişdir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa