İQTİSADİYYAT
Azərbaycanda sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 9,8 faiz artmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye məhsulunun 77,7 faizi mədənçıxarma bölməsində, 17,3 faizi emal bölməsində, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu dövrdə mədənçıxarma bölməsində 39 milyon ton neft, 21,6 milyard kubmetr qaz hasil edilmişdir.
Emal bölməsində qida məhsulları istehsalı 6,9 faiz, içki istehsalı 18,2 faiz, geyim istehsalı 57,4 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 17,8 faiz, poliqrafiya məhsulları istehsalı 2 faiz, neft məhsulları istehsalı 2,5 faiz, kimya sənayesi məhsulları istehsalı 36 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 24,5 faiz artmışdır. Həmçinin ötən 10 ayda tikinti materialları istehsalı 2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 86,2 faiz, kompyuter və digər elektron avadanlığı istehsalı 30,7 faiz, maşın və avadanlıq istehsalı 18,2 faiz, avtomobil və qoşquların istehsalı 12,3 faiz, sair nəqliyyat vasitələri istehsalı 2 faiz, mebel istehsalı 10,2 faiz, maşın və avadanlığın quraşdırılması və təmiri 60,8 faiz çox olmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində ötən ildə olduğundan 5,4 faiz çox və ya 15,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir.
Sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 9,8 faiz artmış, neft sektorunda isə 7 faiz azalmışdır.