Azərbaycanda sualtı arxeologiyanın 90 ili: keçmişdən bu günə
Bakı, 13 fevral, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri professor Abbas Seyidovun doktorant və dissertantlar üçün “Azərbaycanda sualtı arxeoloji tədqiqatlar: keçmişdə və indi” mövzusunda mühazirəsi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Hibrid formatda təşkil olunan mühazirədə A.Seyidov qeyd edib ki, Azərbaycanda sualtı tədqiqatlar 90 ilə yaxındır davam edir. Birinci mərhələ 1938-1940-cı illəri əhatə edib. 1939-cu ildə Səbail adasının ətrafından 700-dən artıq üzəri yazılı və təsvirli daşlar tapılıb ki, hazırda bu daşlar Şirvanşahlar sarayında saxlanılır. O, bu sahədə ən geniş tədqiqatların 1968-1987-ci illəri əhatə etdiyini, təxminən 20 il ərzində mərhum arxeoloq V.Kvaçidze tərəfindən Xəzər sahillərindən, dənizin dibindən və adalardan 4 mindən artıq maddi mədəniyyət qalığının aşkar edildiyini diqqətə çatdırıb. 2008-ci ildə İdris Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlardan söz açan professor bir müddət bu sahədə fasilə yarandığını qeyd edib, 2022-2023-cü illərdə Neftçala və Salyan rayonlarında Mikayıl Mustafayev tərəfindən Kür çayının suyunun çəkilməsi nəticəsində üzə çıxan Antik dövr küp qəbirlərinin tapılaraq tədqiqata cəlb olunması ilə yenidən sualtı arxeologiyanın canlandığını vurğulayıb.
A.Seyidov Xəzər arxeologiyası şöbəsi tərəfindən 2024-cü ildə Abşeron yarımadasının sahilyanı ərazilərində - Zirə kəndi, Pirallahı ətrafı və Şəhri-Gürganda aparılan arxeoloji tədqiqatlardan danışıb. Alim Xəzərin suları altında orta əsrlərə (XII-XIV əsrlər) aid artefaktlar, batmış iki gəmi qalığı, daş və metal lövbərlərin qeydə alınması, 2025-ci ildə isə Lənkəran rayonu, Bəndovan burnu və digər Xəzərsahili ərazilərdə aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar barədə doktorant və dissertantlara geniş məlumat verib və onların suallarını cavablandırıb.