SİYASƏT
Azərbaycanda xalq-dövlət birliyinin təmin edilməsi Prezident İlham Əliyevin ölkə qarşısındakı əvəzsiz xidmətlərinin bəhrəsidir
Bakı, 24 dekabr, AZƏRTAC
Müstəqil, suveren, demokratik Azərbaycan dövlətinin qurucusu və banisi, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin ölməz ideyalarının layiqli davamçısı olan xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi uğurlu beynəlxalq, diplomatik, siyasi fəaliyyət nəticəsində Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edərək, əzəli Qarabağımızı işğaldan qurtardı və xalqımıza misli görünməmiş sevinc yaşatdı. Dövlətimizin başçısı 30 illik həsrətə son qoyaraq Azərbaycana uğur, qalibiyyət və zəfər gətirdi. Qarabağın tacı olan Şuşada bahar tonqalını alovlandıran sevimli Prezidentimiz, əsarətdən qurtulan Xarıbülbülümüzə azadlıq məşəlinin sönməzliyini bəxş etdi. Bu tonqaldan çıxan alov öz qığılcımları ilə Azərbaycana qarşı məkrli, ikiüzlü niyyəti olanların arzularını külə çevirən, düşmənin sinəsinə dağ çəkən əsrin yenilməz sərkərdəsi Prezident İlham Əliyev qətiyyəti, dönməzliyi və müdrikliyi ilə Qarabağ torpaqlarına yeni nəfəs, yeni həyat gətirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva ifadə edib.
Deputat deyib ki, hər bir azərbaycanlının qəlbində öz əməlləri ilə möhkəm sevgi və ehtiram taxtı quran dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident kürsüsünə qalxdığı zaman verdiyi bütün vədlərə çox qısa bir müddət ərzində əməl etdi, hər bir Azərbaycan vətəndaşına yaxşı Lider olmağı bacararaq, xalqının böyük etimadına layiq olduğunu isbatladı. Bu illər ərzində Azərbaycanda möhkəm xalq və dövlət birliyinin təmin edilməsi, möhtəşəm həmrəyliyə nail olunması əlbəttə ki, dövlətimizin başçısının ölkəsi və xalqı qarşısındakı əvəzsiz xidmətlərinin bəhrəsidir. Ulu öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, İlham Əliyev kimi bir Prezidentimiz var. Fəxr edirik ki, məhz onun rəhbəri olduğu bir ölkənin vətəndaşlarıyıq. Fəxr edirik ki, bu ölkədə yaşayırıq.
Dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini və ən xoş arzularını çatdıran deputat deyib: “Prezident İlham Əliyev milyonlarla azərbaycanlıya Qələbə sevinci, qürur yaşatdı, XXI əsrin ilk iki onilliyinə silinməz, mükəmməl və əbədi möhürünü vurdu”.