QAN YADDAŞI
AZƏRBAYCANIN AVROPA ŞURASI YANINDAKI DAİMİ NÜMAYƏNDƏLİYİ XOCALI SOYQIRIMININ 16-CI İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ ANMA MƏRASİMİ KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının binasında Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi Xocalı soyqırımı qurbanlarının 16-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Mərasimdə daimi nümayəndəliyin rəhbəri, səfir Arif Məmmədov ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş, insanlıq tarixində ən dəhşətli cinayətlərdən biri olan bu soyqırımın əsl mahiyyətini açıqlamış, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən faciə barədə avropalılara dolğun və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırmış, bununla bağlı Fond tərəfindən müxtəlif dillərdə nəşr edilmiş kitablardan söhbət açmış, günahkarların əvvəl-axır layiqli cəzalarını alacaqlarını və haqq-ədalətin öz yerini tapacağını bildirmiş, Azərbaycan hökumətinin bu istiqamətdə ardıcıl həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ehsan süfrəsi açılmışdır.
Tədbirdə Avropa Şurası yanında akkreditə olunmuş diplomatik korpusun və nümayəndəliyimizin əməkdaşları, Strasburqda təhsil alan tələbələrimiz, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
Nümayəndəlik tərəfindən Xocalı soyqırımı haqqında tutarlı məlumatları özündə əks etdirən mətbuat məlumatı hazırlanmış və Avropa Şurasının Katibliyi, üzv ölkələrin daimi nümayəndəlikləri və eləcə də Strasburqda fəaliyyət göstərən konsulluqlar arasında yayılmışdır.