CƏMİYYƏT
Azərbaycanın belaruslu Milli Qəhrəmanının təltif edildiyi “Qızıl ulduz” medalı onun ailəsinə təqdim olunub
Bakı, 22 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə nazirliyin əməkdaşı, polkovnik Abdulla Qurbani Belarusa və Ukraynaya ezam olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 21-də polkovnik A.Qurbani Belarusun Slutsk şəhərində olub. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş mayor Anatoli Davidoviçin ailəsinə baş çəkib.
Milli Qəhrəmanın ailəsinə Azərbaycan Respublikasının müdafiə nazirinin salamlarını və hədiyyəsini təqdim etdikdən sonra ölkəmizin Belarusdakı səfirliyi, bu ölkədəki Azərbaycan İcmaları Konqresi, Slutsk Şəhər İcra Komitəsinin nümayəndələrinin iştirakı ilə şəhidin məzarı önündə anma mərasimi keçirilib.
Mərasimdə Milli Qəhrəmanın məzarı önünə Azərbaycan Respublikasının müdafiə naziri adından əklil qoyulub və ölümündən sonra onun təltif edildiyi “Qızıl Ulduz” medalı şəhidin anasına təqdim olunub. Məzarüstü abidəyə “Azərbaycan Milli Qəhrəmanı” sözləri yazılmış və səkkizguşəli ulduz həkk olunmuş mərmər xatirə lövhəsi vurulub.
Milli Qəhrəmanın anası Klavdiya Davidoviç, Slutsk Şəhər İcra Komitəsinin nümayəndəsi və digər çıxış edənlər bu xeyirxah və vətənpərvər təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir Belarusun kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Avqustun 23-də isə polkovnik A.Qurbani Ukraynanın Xarkov vilayətinin Zimiyov şəhərində dünyaya gəlmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində şəhid olmuş cəsur təyyarəçi Ruslan Polovinkanın məzarını ziyarət edəcək. O, Müdafiə Nazirliyi adından təyyarəçinin məzarı üzərinə əklil qoyacaq və igid döyüşçünün ölümündən sonra təltif edildiyi “Qızıl Ulduz” medalını 22 ildən sonra Azərbaycanın Milli Qəhrəmanının ailəsinə təqdim edəcəkdir.