SİYASƏT
AZƏRBAYCANIN BU GÜN YEGANƏ HƏLL OLUNMAMIŞ PROBLEMİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİDİR
AZƏRTAC xəbər verir ki, bu bəyanatı Prezident İlham Əliyev Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş tədbirdə vermişdir. Beynəlxalq birliyi bu məsələni diqqətdə saxlamağa, sülhü yaxınlaşdıra biləcək addımlar atmağa çağıran dövlət başçısı demişdir:
“Beynəlxalq ictimaiyyət nədənsə bu məsələyə biganə qalır. Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bu, ədalətli həll olmalıdır, kiminsə əsaslanmamış istəkləri əsasında olmamalıdır, beynəlxalq hüquq əsasında olmalıdır. Beynəlxalq hüquq bütün ölkələrə şamil edilməlidir. Əks təqdirdə dünya birliyində xaos yaranar”.
Prezident İlham Əliyev bildirmişdir ki, əgər ölkələr beynəlxalq hüquqa məhəl qoymasalar, onda, beynəlxalq təşkilatların fəaliyyəti şübhə altına düşər. Bu məsələyə dair öz qərarlarını açıqlayan beynəlxalq təşkilatlar özlərinə hörmət etməlidirlər. Təcavüzkar dövlətdən tələb etməlidirlər ki, işğala son qoysunlar. Azərbaycana məxsus olan, bütün dünya birliyi tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınan bölgələrdən çıxsınlar. O zaman bölgədə sülh yarana bilər. Əks təqdirdə, təhlükələr, gərginlik artacaqdır.