Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Qanlı Yanvar şəhidlərinin ailə üzvlərinə yardım ediblər
Tbilisi, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bu ölkədəki şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Saqareco rayonunun Qaraçöp kəndində olublar.
Əvvəlcə səfirliyin əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri düzüblər.
Sonra səfirliyin əməkdaşları 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun ailəsinə baş çəkiblər. Şəhidin xatirəsi ehtiramla yad olunub.
Səfirliyin məsul əməkdaşları Vüqar Mustafayev, Elçin Məmmədov, Elcan İmamverdiyev şəhidin yaxınları, kənd ictimaiyyətinin nümayəndələri ilə görüşüb, söhbət ediblər. Görüşdə Qanlı Yanvar faciəsinin səbəbləri və nəticələri barədə məlumat verilib, həlak olanlar arasında Gürcüstan azərbaycanlılarının da olduğu qeyd edilib. Bildirilib ki, onlardan biri də Ə.Qayıbovdur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar.
Səfirliyin adından şəhidin ailəsinə ərzaq yardımı verilib.
Şəhidin qardaşları Əmir və Nəriman Qayıbovlar, kənd bələdiyyəsinin üzvlərindən Rizvan Məmmədov, Elşad Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Ağabalı Xeyirxəbərov və başqaları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Səfirliyin əməkdaşları, həmçinin Qardabani rayonunun Ağtəhlə kəndində olublar.
Bildirilib ki, 20 Yanvar şəhidi Rəşid İsmayılov 1949-cu ilin avqustunda Ağtəhlədə anadan olub. Onun iki övladı var.
Səfirliyin məsul əməkdaşları Rəhim Rəhimzadə, Cəfər Məmmədov şəhidin yaxınlarına başsağlığı veriblər.
R.Rəhimzadə Azərbaycan dövlətinin şəhidlərə göstərdiyi qayğıdan söz açıb, Gürcüstanda olan şəhid ailələrinin də bu qayğı ilə əhatə olunduqlarını bildirib.
Şəhidin oğlu İlqar İsmayılov atasının xatirəsinin əziz tutulduğuna görə minnətdarlığını bildirib. Şəhidin əmisi Rəfqan Əliyev, kənd ağsaqqalları Mirzə Mirzəyev, Ələmdar Quliyev və başqaları göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Səfirlik adından şəhid ailəsinə ərzaq yardımı göstərilib.
Marneuli rayonunun Kirac-Muğanlı kəndində isə şəhid Vəfadar Eminovun xatirəsi anılıb.
Səfirliyin məsul əməkdaşları Hacı Hacıyev, İmran Mustafayev və Sunay Piriyev şəhidin ailə üzvləri və kənd ağsaqqalları ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Burada da şəhidin ailəsinə yardım göstərilib.
Şəhidin yaxınları, kənd ağsaqqalları diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində də şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Faciə nəticəsində şəhid olmuş Faxralı kənd sakini İlqar Əhmədovun məzarı önündə anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul işçisi Fəxri Hacıyev, Aqil Həsənov və Süleyman Allahverdiyev çıxış edib, şəhidlərə göstərilən qayğıdan danışıb. Şəhidlərimizin heç vaxt unudulmayacağını bildiriblər.
Sonra şəhid İlqar Əhmədovun ata evində ehsan süfrəsi açılıb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan oğul və qızlarımızın ruhuna dualar oxunub.
Səfilik adından şəhid ailəsinə ərzaq yardımı göstərilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi