İQTİSADİYYAT
Azərbaycanın investisiya imkanları Braziliyanın nümayəndə heyətinə təqdim edilmişdir
Bakı, 22 may (AZƏRTAC). Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə baş katibinin müavini Hadil da Roşa Viannanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) işgüzar görüş keçirilmişdir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr haqqında məlumat vermişdir. Azərbaycan və Braziliya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən nazir müavini ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.
Hadil da Roşa Vianna dostluq zəminində qurulan Azərbaycan-Braziliya münasibətlərinin inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirmişdir. Braziliyalı qonaq ölkəsi və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu da demişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti barədə məlumat vermiş və AZPROMO tərəfindən Braziliyalı iş adamlarına ölkəmizdə biznes fəaliyyətinin təşkili sahəsində müvafiq dəstəyin göstəriləcəyini bildirmişdir.
Tədbirdə, həmçinin infrastruktur, qida sənayesi və aviasiya sahəsində fəaliyyət göstərən Braziliya şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış etmiş, Azərbaycanın investisiya imkanlarına dair müzakirələr aparılmışdır.