SİYASƏT
Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasına başlanması münaqişənin həlli üçün geniş imkanlar açacaqdır
Bakı, 9 dekabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər Nazirliyinin (XİN) Kontinental Avropa İdarəsinin direktoru Erik Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov dekabrın 5-7-də Dublində keçirilən ATƏT-in Nazirlər Şurasının XIX iclasında iştirakına dair təəssüratlarını bölüşmüşdür. Nazir vurğulamışdır ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da inkişaf etdirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Görüşdə, həmçinin Azərbaycanın NATO ilə əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Təhlükəsizlik məsələlərinə toxunan E.Məmmədyarov Azərbaycanın xarici siyasətində üstünlüyün milli maraqlara verildiyini və bütün gücün müstəqilliyin möhkəmləndirilməsi üçün səfərbər olduğunu vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan nazir vurğulamışdır ki, işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələnin həllində əsas maneədir. E.Məmmədyarov bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına başlanması münaqişənin həlli üçün geniş imkanlar yaradacaqdır. Münaqişənin həlli kontekstində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin təşkili də vacibdir.
Görüşdə digər regional məsələlərə dair fikir mübadiləsi aparılmışdır.