® “Bayramlı Group” şirkəti yüksək texnologiyalar sahəsində ixtisaslaşıb
“Bayramlı Group” şirkəti bir neçə ölkədə - Azərbaycan, Türkiyə, Gürcüstanda fəaliyyət göstərir. Şirkət Azərbaycan, Türkiyə, Gürcüstan, Orta Asiya və Ərəb ölkələrində molekulyar bioloji laboratoriyalarının qurulması, layihələndirilməsi və təchizatını həyata keçirir.
Şirkətin qurucusu və direktoru Cavid Bayramlı bildirib ki, “Bayramlı Group” olaraq özəl-dövlət işbirliyi çərçivəsində müəyyən layihələr həyata keçirilir.
“Bu layihələrdən biri Bakı Dövlət Universiteti, “Lu-Mun Holdinq”, Türkiyə-İzmir Yüksək Texnologiya İnstitutu, İstanbul Universiteti və “Letgen Biyoteknoloji” firması ilə bərabər həyata keçirilən ortaq layihədir. Bu layihə nərəkimi balıqların genom analizini həyata keçirir. Digər layihə də Kənd Təsərrüfatı Nazirliyi ilə bərabər Qarabağ atlarının genetik analizinin həyata keçirilməsidir ki, bu layihə ilə bağlı hazırlıq işləri gedir”, - deyə Cavid Bayramlı bildirib.
C.Bayramlı qeyd edib ki, o, Türkiyədə biotexnologiya şirkəti kimi fəaliyyət göstərən “JFX Biodynamics” şirkətinin təsisçilərindəndir: ““JFX Biodynamics” şirkəti bitki, heyvan və qida patogenlerinin aşkar edilməsi üçün istifadə edilən PCR reaktivlərinin istehsalını həyata keçirir. Bu reaktivlər hal-hazırda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə dövlət laboratoriyaları və araşdırma institutları tərəfindən istifadə edilir”.
C.Bayramlı vurğulayıb ki, daha bir layihə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat Universiteti ilə ortaq pilot layihəsidir. Şirkət universitetlə birgə diaqnostik dəst istehsalını prototip kimi hazırlayıb. Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistanda şirkətin diaqnostik dəstlərindən istifadə olunur.