CƏMİYYƏT
Azərbaycanın Mərkəzi Klinik Xəstəxanası ilə Almaniya Kardiologiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanmışdır
Bakı, 29 may (AZƏRTAC). Bakıda Almaniya Kardiologiya Mərkəzi ilə Azərbaycanın Mərkəzi Klinik Xəstəxanası arasında tibb sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsinə dair görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Almaniya Kardiologiya Mərkəzinin baş direktoru Roland Hetzer ölkəmizə səfərindən məmnun qaldığını, Azərbaycanda gedən inkişafın onda xoş hisslər yaratdığını və səhiyyə sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu söyləmişdir.
Mərkəzi Klinik Xəstəxananın baş direktoru Toğrul Adıgözəlov Avropanın ən böyük ürək mərkəzlərindən biri ilə yaradılacaq əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini bildirmişdir.
Görüşün sonunda Mərkəzi Klinik Xəstəxana ilə Almaniya Kardiologiya Mərkəzi arasında səhiyyə və tibb elmləri sahəsində razılaşma memorandumu imzalanmışdır.
Memorandumda tibb sahəsində birgə təlimlərin keçirilməsi, tibbi kadrların mübadiləsi, eləcə də müxtəlif xəstəliklər haqqında müştərək araşdırmaların aparılması kimi məsələlər yer almışdır.
Roland Hetzer memorandumun hər iki tərəfə böyük fayda verəcəyini bildirmişdir.