“AZƏRBAYCANIN MİLLİ DÖVLƏTÇİLİK TARİXİNDƏ GÖRKƏMLİ QADINLAR” KİTABI TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 17-də “Excelsior” mehmanxanasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileylərinə həsr edilmiş “Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar” kitabı təqdim edilmişdir.
Xalqımızın qadınlara həmişə böyük hörmət və ehtiramla yanaşdığını vurğulayan Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan qadınları həmişə milli iftixara çevrilmiş işlər görmüşlər. Buna görə nəşrin elmi məsləhətçisi olmaq barədə təklifi məmnuniyyətlə qəbul etdiyini bildirən Ə.Həsənov demişdir ki, Azərbaycan və ingilis dillərində çap edilmiş kitab həm Azərbaycanda, həm də beynəlxalq aləmdə tariximizi öyrənənlər, tədqiq edənlər üçün dəyərli elmi mənbə rolunu oynayacaqdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixi dəyərləri və onların dünyaya təqdim edilməsi barədə qarşıya qoyduğu vəzifələri xatırladan Əli Həsənov bildirmişdir ki, ümummilli lider ilk olaraq bu dəyərlərin yetişdirilməsi vəzifəsini irəli sürürdü. Yalnız bundan sonra həmin dəyərlər vasitəsilə millətimizi, dövlətimizi beynəlxalq aləmdə bacarıqla təbliğ etmək vəzifəsi qarşıya qoyulurdu. Bu baxımdan Azərbaycan xalqının görkəmli xanımları ilə bütün dünyada tanıdılmasında kitabın mühüm rol oynayacağı qeyd edilmişdir.
Kitaba ön sözündə Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin yazdığı “Fəxrlə söyləmək olar ki, fitri istedadı, dərin zəkası ilə seçilən neçə-neçə tərəqqipərvər alim, şair və yazıçı, uzaqgörən və möhkəm iradəli hökmdar, sərkərdə və diplomat qadınlar yetirən xalqımız həmişə qadına, onun cəmiyyət həyatında iştirakına müsbət münasibət bəsləmişdir” sözlərini xüsusi qeyd edən natiq bu dəyərli əsərdə eramızdan əvvəl VI əsrdən başlayaraq bu günümüz də daxil olmaqla Azərbaycanın siyasi tarixində görkəmli rol oynamış 21 xanım haqqında ətraflı məlumatların toplandığını diqqətə çatdırmış, onların hər birinin qəhrəmanlığı, xalqımızın tarixində oynadığı rol haqqında danışmışdır.
Azərbaycanın müasir tarixində önəmli rolu olan 2 görkəmli xanımın şəxsiyyətləri üzərində xüsusi dayanan Əli Həsənov onlardan birinin ulu öndər Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, digərinin isə həyata keçirdiyi humanitar layihələrlə tanınan, milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində yorulmadan çalışan, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva olduğunu bildirmişdir.
Kitabdakı son oçerkin qəhrəmanı - Mehriban xanım Əliyeva haqqında danışan şöbə müdiri bildirmişdir ki, Azərbaycan tarixində qadınlar arasında beynəlxalq aləmdə Mehriban Əliyeva qədər tanınanı olmamışdır. Azərbaycan dilinin, incəsənətinin, musiqisinin, mədəniyyətinin tanınması istiqamətində yorulmadan çalışan Mehriban xanım Əliyeva, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın başına gətirilmiş müsibətlər barədə dünyada obyektiv rəyin formalaşmasında da əlindən gələni əsirgəmir. Şöbə müdiri xüsusi vurğulamışdır ki, bu gün Mehriban xanım Əliyeva təklikdə bütün dünya azərbaycanlılarının diaspor təşkilatlarının birlikdə fəaliyyətinə bərabər iş apararaq, xalqımızın beynəlxalq imicinin formalaşması, onun haqqında obyektiv, ədalətli rəyin yaranması üçün böyük əzmkarlıqla çalışır. Bütün bu istiqamətlərdə Mehriban xanımın xidmətlərinin ölçüyəgəlməz olduğunu qeyd edən Əli Həsənov, bu fəaliyyətin gələcək nəsillər tərfindən də yüksək qiymətləndirələcəyini bildirmişdir.
Təqdimat mərasimində çıxış edən akademiklər Vasim Məmmədəliyev, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, Yaqub Mahmudov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer və başqaları yüksək poliqrafik tərtibatı, əhatə etdiyi materialların sanbalı ilə diqqəti cəlb edən kitabı yüksək qiymətləndirmiş, uğurlu nəşr münasibətilə yaradıcı heyəti təbrik etmişlər.
Layihənin rəhbəri və kitabın həmmüəlliflərindən olan Milli Məclisin deputatı, tarix elmləri namizədi Məlahət Həsənova öz adından və digər həmmüəllif Şərəf Cəlillinin adından əsərin işıq üzü görməsində xidməti olanların hamısına minnətdarlığını bildirmişdir.
######
![]() |
![]() |

