İQTİSADİYYAT
Azərbaycanla IFAD arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycanın BMT-nin Roma şəhərində yerləşən agentlikləri yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nvanze ilə görüşüb.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Hökuməti ilə IFAD arasında mövcud əlaqələr, bu xüsusda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfir ölkəmizin iqtisadi potensialı, iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft ixracının artırılmasında kənd təsərrüfatı sektorunun prioritet olması, kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər və bu xüsusda beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb.
IFAD-ın prezidenti 2010-cu ildə İslam İnkişaf Bankının Rəhbər Şurasının iclasında iştirakla əlaqədar Azərbaycana səfərini məmnunluqla xatırlayıb və ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində kənd təsərrüfatına verilən diqqəti təqdir edib və rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.