İQTİSADİYYAT
Azərbaycanla Monteneqronun əməkdaşlığının inkişafı üçün böyük potensial var
![Azərbaycanla Monteneqronun əməkdaşlığının inkişafı üçün böyük potensial var](/files/2019/2/1200x630/15640559536521028542_1200x630.jpg)
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanla Monteneqronun turizm, ticarət, infrastuktur, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığının inkişafı üçün böyük potensial mövcuddur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirilib ki, bu barədə ASK-nın Monteneqro, Serbiya, Bosniya və Herseqovina üzrə nümayəndəsi Seyran Mirzəzadə Serbiyanın “Danas” informasiya agentliyinə müsahibəsində deyib.
S.Mirzəzadə Azərbaycan-Monteneqro iqtisadi əlaqələri, Monteneqro Baş Nazirinin Azərbaycana son səfəri və ASK-nın fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1999-cu ildən fəaliyyət göstərən ASK hazırda ətrafında 6 mindən çox sahibkarlıq subyektini, o cümlədən 70-dək ittifaqı birləşdirir. Monteneqro, Serbiya, Bosniya və Herseqovina üzrə yeni nümayəndəlik sayca 18-cidir.
Təşkilatın missiyasına toxunan S.Mirzəzadə deyib: “Konfederasiyanın məqsədlərindən biri üzvləri arasında işgüzar əlaqələrin yaradılması, eyni zamanda, xarici ölkələrdə də tərəfdaşların tapılmasında kömək göstərməkdir. Yeni nümayəndəliyin açılması Azərbaycanla region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.