Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib
İslamabad, 10 may, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin bu ölkənin federal ticarət naziri Pərviz Maliklə görüşündə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, iqtisadi və ticari əlaqələrin daha da artırılması perspektivləri, mövcud potensialdan səmərəli istifadə olunması haqqında müzakirələr aparılıb. Əlaqələrin inkişafında hər iki ölkənin müvafiq iqtisadi qurumları ilə yanaşı, iş adamlarının da önəmli rolunun olduğu bildirilib, biznes forumların və işgüzar görüşlərin intensivləşdirilməsi, ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində səylərin artırılması haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında 2017-ci ildə yaradılan İqtisadiyyat və Ticarət üzrə birgə İşçi Qrupunun ilk iclasının Bakıda keçirildiyi vurğulanıb, növbəti iclasın İslamabadda təşkil olunması imkanları da nəzərdən keçirilib.
Səfir Azərbaycanda iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlardan pakistanlı iş adamlarının yararlanması, eləcə də Pakistanın təklif etdiyi imkanlardan azərbaycanlı sahibkarların istifadə etməsi üçün səfirliyin səylərini artırdığını vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi və müqavilə-hüquq bazasının artırılması haqqında da fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad