Azərbaycanlı iqtisadçı alimə Beynəlxalq Sokrat mükafatı təqdim olunmuşdur
Bakı, 19 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev elmi uğurlarına görə Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyası (ABA) və Beynəlxalq Sokrat Komitəsi tərəfindən iqtisadiyyat və biznes sahəsi üzrə Beynəlxalq Sokrat Mükafatına (Sokrates International Award) layiq görülmüşdür.
Mükafat bu günlərdə sahibinə təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, nüfuzlu mükafatın təqdimat mərasimi İsveçrənin Montre şəhərində, dünyanın 16 ölkəsindən ictimai təşkilatların, peşəkar və yaradıcı qurumların nümayəndələrinin iştirak etdikləri Liderlərin İsveçrə Sammiti çərçivəsində həyata keçirilmişdir.
Avropa İttifaqının ən nüfuzlu qurumlarından hesab edilən ABA-nın ekspertləri tərəfindən hər il qitənin müxtəlif ölkələrində ictimai proseslərə müsbət təsir göstərən və milli iqtisadiyyatların inkişafına böyük töhfələr verən nüfuzlu təşkilatların, həmçinin onlara rəhbərlik edən lider şəxslərin müəyyən edilməsi məqsədi ilə geniş ictimai fikrin öyrənilməsi təşkil olunur.
Nəticələr ümumiləşdirilir və qaliblər qitənin 16 ölkəsini təmsil edən, nüfuzlu ictimai təşkilatları, peşəkar və yaradıcı birlikləri özündə birləşdirən Beynəlxalq Sokrat Komitəsi tərəfindən peşəkar və ictimai fəaliyyətlərindəki böyük uğurlara görə nüfuzlu Avropa mükafatları ilə təltif edilirlər.
Müxtəlif illərdə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktoru Karlos Maqaranyos, Rumıniyanın Baş naziri Andrian Nastase, Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov və digər nüfuzlu şəxslər bu yüksək mükafata layiq görülmüşlər.
İsa Alıyev Beynəlxalq Sokrat mükafatı ilə təltif edilən ilk azərbaycanlı deyildir. İndiyədək ölkəmizin bir neçə alim və mütəxəssisi bu nüfuzlu mükafatın sahibi olmuşdur.