SİYASƏT
Azərbaycanlı mülki şəxslərin girovluqdan azad olunması və onlara qarşı qeyri-qanuni məhkəmə prosesinin dayandırılması üçün beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb
Bu fikirlər Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda qeyd edilib. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir. Hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və onlarla qeyri-insani rəftar edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən, Beynəlxalq Qızıl Xaç Komitəsinin Prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad əl Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlayıb. Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə kömək göstərməyə çağırılır.