ELM VƏ TƏHSİL
Azərbaycanlı tarixçilərin məruzələri Gürcüstanda keçirilən beynəlxalq elmi konfransda böyük maraq doğurmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qafqaz Strateji Araşdırmalar Mərkəzi və ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun birgə təşkilatçılığı ilə “Qafqaz və imperiyanın qürubu: millətçilik, etnoslar və milli quruculuq” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşlarından tarix elmləri doktoru İradə Bağırova, tarix üzrə fəlsəfə doktorları Nigar Maksvell, Sevinc Əliyeva, İlqar Niftəliyev, Nigar Gözəlova və Şamil Rəhmanzadə iştirak etmişlər.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, konfransa dəvət edilən Ermənistan nümayəndələri Azərbaycan alimlərinin soyqırımı mövzusunda məruzələrlə çıxış etmələrinə etiraz əlaməti olaraq Tbilisiyə gəlməmişlər. Lakin ABŞ-dan gəlmiş erməni nümayəndələri konfransda iştirak etmişlər.
Konfransda Azərbaycan tarixçilərinin “XX əsrin əvvəllərində Rusiya imperiyasında sosial dəyişikliklər və Azərbaycanda milli şüurun formalaşmasında siyasi təşkilatların rolu”, “Azərbaycanın müstəqilliyinə Türkiyənin təsiri (1918-1920)”, “Azərbaycan Xalq Cümhuriyyəti və Dağlı Respublikası: vahid dövlət yaratmaq layihələri (1918 - 1920)”, “Qarabağ münaqişəsi: “qaynar” və “soyuq” mərhələləri (1918-1994)”, “Azərbaycan xalqına qarşı soyqırımı: Böyük Britaniya arxiv sənədlərinin əsasında (1918-1919)”, “1918-ci ildə Zaqatala Şurasının qərarı etno-siyasi identiklik axtarışları kontekstində” mövzularında məruzələri dinlənilmişdir.
Azərbaycanlı tarixçilərin məruzələri konfrans iştirakçıları arasında böyük maraq doğurmuşdur.
Konfransda Azərbaycan alimlərinin soyqırımlar, Dağlıq Qarabağla bağlı konkret faktlara əsaslanan məruzələri qarşısında erməni nümayəndələri susmağa məcbur olmuşlar.