İQTİSADİYYAT
“Azercell” bölgələrdəki ekspress ofislərinin sayını 24-yə çatdırmışdır
Bakı, 10 mart (AZƏRTAC). “Azercell Telekom” MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda “Azercell Ekspress” ofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət martın 9-da Biləsuvar və Cəlilabad şəhərlərində yeni AzEx ofisini abonentlərin istifadəsinə vermişdir. Bununla da “Azercell” bölgədəki AzEx ofislərinin sayını 24-yə çatdırmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, Biləsuvar və Cəlilabadda fəaliyyətə başlayan AzEx ofisi də “bir nöqtədə üç xidmət” (“one-stop shopping”) konsepsiyası ilə işləyəcəkdir. Bu konsepsiyaya əsasən abonent “Azercell Ekspress” ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofislərdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.
“Azercell” şirkəti tək Azərbaycanda deyil, bütün regionda “bir nöqtədə üç xidmət” konsepsiyasını təqdim edən ilk şirkətdir. Xatırladaq ki, “Azercell”-in Bakıda 16, rayonlarda isə 24 ekspress ofisi fəaliyyət göstərir.
Şirkət bu ilin sonunadək Bakıda və regionlarda “Azercell Ekspress” ofislərinin sayını artırmaq niyyətindədir.