İDMAN
“Azercell”in yeni stadionunun açılışı olmuşdur
Bakı, 21 may (AZƏRTAC). Mayın 21-də “Azercell Telekom” MMC-nin binasının yerləşdiyi ərazidə yeni istifadəyə verilmiş stadionun açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində şirkətin prezidenti Kiril Qaburiç, AFFA-nın baş katibi Elxan Məmmədov, “Neftçi” peşəkar futbol klubunun rəhbərliyi və komandanın üzvləri iştirak etmişlər.
Yeni stadionun qırmızı lenti Kiril Qaburiç və Elxan Məmmədov tərəfindən kəsilmişdir. Açılışdan sonra stadionda “Azercell” və “Neftçi” komandası arasında qısa oyun keçirilmişdir.
Mərasimdən əvvəl “Azercell”in baş ofisində şirkətin prezidenti K.Qaburiç “Neftçi”nin rəhbərliyi, üzvləri və tanınmış futbolçularla görüşmüşdür. Görüş zamanı Azərbaycanda futbolun inkişafı və bu işdə özəl sektorun rolu haqqında fikir mübadiləsi aparılmışdır.
Özəl şirkətlər arasında “Azercell” futbolun inkişafına xüsusi diqqəti ilə fərqlənir. İndiyədək şirkətin korporativ müştəriləri, öz əməkdaşlarından ibarət komandaları, həmçinin uşaq futbol komandaları arasında müxtəlif yarışlar təşkil olunmuşdur. 2009-cu ildə “Azercell Telekom” MMC Türkiyə-Azərbaycan futbol komandaları arasında yoldaşlıq görüşünün keçirilməsinə dəstək vermişdir. Şirkət futbol üzrə Azərbaycan milli komandasının sponsorudur.