REGİONLAR
“Azəriqaz” rəhbərliyi Göyçayda sahibkarların problemlərini dinləyib
Bakı, 2 mart, AZƏRTAC
“Azəriqaz” rəhbərliyi Göyçayda sahibkarların problemlərini dinləyib.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, aksiya iştirakçıları təşkil olunan aksiyada fəal iştiraka, onları narahat edən məsələləri açıq şəkildə bildirməyə çağırılıb.
Restoran fəaliyyəti ilə məşğul olan Rauf Məmmədov dövri yoxlama müddəti çatan sayğacın dövlət yoxlanmasına aparılan zaman yerinə dəmir ötürücü deyil, müvəqqəti sayğacın quraşdırılmasını xahiş edib. Hər zaman olduğu kimi, səyyar qəbul otağının imkanlarından istifadə etmək üçün sahibkarlarla yanaşı, sakinlər də aksiyaya böyük maraq göstəriblər.
Çıxış edən Bayram Vəliyev məcburi köçkünlərin məskunlaşdığı yataqxanada istehlak etdikləri təbii qazın sərfiyyatına görə yaranan borcun araşdırılmasını xahiş edib. Birliyin rəhbər şəxsləri məsələ ilə bağlı yerindəcə izahatlar verərək, bu problemin yaxından araşdırılması üçün vətəndaşları Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsinə dəvət ediblər. Bundan başqa, aksiyaya üz tutan bir neçə Vətən müharibəsi iştirakçısı “Azəriqaz” İstehsalat Birliyində müvafiq işlə təmin olunmaları ilə bağlı müraciətlərinin Birlik rəhbərinə çatdırılmasını xahiş ediblər. Ünvanlanan hər bir müraciət qeydiyyata alınıb. Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Onlar da daxil olan müraciətlərlə bağlı səlahiyyətləri çərçivəsində köməklik etməyə hazır olduqlarını vurğulayıblar.
Qeyd edək ki, bu gün təşkil olunan aksiya ümumilikdə 46-cı, sahibkarlarla isə 22-ci görüşdür.