İQTİSADİYYAT
“Azərsu” ASC paytaxtın Nəsimi rayonunun Dilarə Əliyeva küçəsindəki magistral və köməkçi su xətlərinin tikintisini başa çatdırmışdır
Bakı, 11 aprel (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində 400 metr uzunluğunda 300 millimetr diametrli yeni magistral və ona paralel 160 millimetr diametrli köməkçi su xəttinin tikintisini başa çatdırmışdır.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin xətlərin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 11-də axşam saatlarına qədər Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə (D.Əliyeva, F.Əmirov, Ü.Hacıbəyov, Z.Əliyeva, K.Səfərəliyeva, R.Zorge, Puşkin, Xaqani, Nizami küçələrinin bir hissəsinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Qeyd edək ki, yeni xətt şəbəkəyə qoşulduqdan sonra 1936-ci ildə çəkilmiş çuqun xəttin istismarı dayandırılacaqdır.