RƏSMİ XRONİKA
AzərTAc-ın Vaşinqton müxbiri xəbər verir ki, avqust ayının 15-də Amerikanın Klivlend klinikası mətbuat üçün məlumat yaymışdır. Aşağıda məlumatın mətni verilir.
KLİVLEND KLİNİKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI
ABŞ-ın Şimali-Şərq hissəsi və Cənubi Kanadanın bəzi hissələrində baş vermiş enerji kəsintisi nəticəsində avqustun 14-də günorta təxminən 4.20-də Ohayo ştatının Klivlend şəhərində yerləşən Klivlend klinikası elektrik enerjisiz qalmışdır.
Ehtiyat generatorları dərhal işə düşmüş və xəstələrin müalicəsinə bir an ara verilməmişdir. Klivlend klinikasında elektrik enerjisi tam gücü ilə avqustun 15-də səhər saat 7-də bərpa edilmişdir.
Avqustun 6-da Klivlend klinikasına gəlmiş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səhhəti ürək çatışmazlığı və böyrək çətinlikləri ilə bağlı aldığı müalicənin nəticəsində yaxşılaşmaqda davam edir. Tibbi müalicəyə müsbət reaksiya göstərən Prezident özünü rahat hiss edir.
***
PREZİDENT HEYDƏR ƏLİYEVİN SƏHHƏTİ GÜNDƏN-GÜNƏ YAXŞILAŞIR
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev avqustun 15-də “Assoşieyted Press” agentliyinin müxbirinə müsahibə vermişdir. Baş nazir Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı suala cavab verərkən demişdir:
-Prezident Heydər Əliyevin səhhəti gündən-günə yaxşılaşır. Dünən mən onun özü ilə telefonla danışmışam. Onun əhval-ruhiyyəsi xeyli yüksəkdir, müalicəsi çox uğurla davam edir. Eyni zamanda, mən Prezidentin müalicəsi ilə bilavasitə məşğul olan həkimlərlə də danışmışam. Onlar da Prezidentin səhhətinin yaxşı olduğunu söyləyir və bildirirlər ki, Klivlendə gələndən sonra Heydər Əliyevin səhhətində, onların sözü ilə desək, yaxşılığa doğru fövqəladə dəyişikliklər olmuşdur. Bu, əlbəttə ki, bizi olduqca sevindirir və əminik ki, çox yaxın vaxtlarda Prezidentimiz müalicəsini müvəffəqiyyətlə başa vuraraq doğma Vətənə qayıdacaqdır.
Deməliyəm ki, burada yalnız və yalnız terapevtik müalicədən söhbət gedir. Hər hansı bir başqa tədbirlər nəzərdə tutulmur. Təbiidir ki, inşaallah, Vətənə dönəndən sonra hörmətli Prezident seçki kampaniyasına qoşulacaq və əminəm ki, Azərbaycan xalqı növbəti dəfə Heydər Əliyevə etimad göstərərək, onu yenidən dövlət başçısı seçəcəkdir.
***
DÖVLƏT ALİ VƏ ORTA İXTİSAS TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ ÖDƏNİŞLİ FORMADA TƏHSİL ALAN MƏCBURİ KÖÇKÜNLƏRİN TƏHSİL HAQQINI ÖDƏMƏKDƏN AZAD EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Məcburi köçkün ailələrinin sosial iqtisadi vəziyyətini nəzərə alaraq və onların uşaqlarının ali və orta ixtisas təhsil müəssisələrində təhsillərinin davam etdirilməsinə dövlət köməyi göstərmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilsinlər.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
4 avqust 2003-cü il.