CƏMİYYƏT
“Bakcell” sosial mediada liderdir
Bakı, 6 avqust (AZƏRTAC). “Bakcell” şirkəti “Facebook” sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə “Socially Devoted” sertifikatı ilə təltif olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, xüsusi analitik platforma vasitəsilə dünyadakı böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini aparan tanınmış “Socialbakers” şirkəti bu ilin ikinci yarısında Azərbaycandakı şirkətlərin “Facebook”dakı fəaliyyətlərini nəzərdən keçirib. Azərbaycan şirkətlərinin rəsmi “Facebook” səhifələrində abunəçilərin sorğularının cavablandırılması üzrə ən yüksək göstəricilərdən biri 97 faiz olmaqla “Bakcell” şirkətinə məxsusdur. Bu, ölkə üzrə ən böyük göstəricidir.
Qeyd edək ki, qlobal səviyyədə şirkətlərə məxsus “Facebook” səhifələrinin yalnız 5 faizi “Socially Devoted” sertifikatına layiq görülür.