“Bakı Ağ Şəhər”də yeni tikililər üçün “yaşıl bina” tələbləri tətbiq olunur
Bakı, 11 sentyabr, AZƏRTAC
“Bakı Ağ Şəhər”də yeni tikilən binalara “yaşıl bina” standartlarının tətbiqi istiqamətində yeni tələblər müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı Ağ Şəhər” Ofis Binasının direktor müavini Xaliq Orucov "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı" çərçivəsində keçirilən sessiyada çıxış edərkən deyib.
O bildirib ki, yeni tikililər, o cümlədən yaşayış binaları üçün BREEAM – “Building Research Establishment Environmental Assessment Method” sertifikatının əldə edilməsi investorlar qarşısında qoyulan tələblərdən biridir. Bu standartın tətbiqi ilkin mərhələdə əlavə maliyyə vəsaiti tələb etsə də, ekoloji və enerji səmərəliliyi baxımından mühüm üstünlüklər yaradır: "Bakı Ağ Şəhər 2020" layihəsi bu standarta uyğun inşa edilib. Bu Cənubi Qafqazda ilkdir. Qeyd edim ki, BREEAM sertifikatına malik binalar sakinlər üçün daha etibarlı və ekoloji baxımdan təhlükəsiz məkan kimi qəbul edilir. İnsanlar belə binalara üstünlük verərkən onların ekoloji standartlara uyğunluğuna, sağlam və komfortlu yaşayış mühitinin yaradılmasına daha çox diqqət yetirirlər. Ağ Şəhərin ümumi ərazisinin təxminən 20 faizini yaşıllıq sahələri təşkil edir. Ərazi parklarla əhatə olunmaqla yanaşı, binaların və yolların ətrafında yaşıllıqların artırılması istiqamətində işlər də davamlı şəkildə həyata keçirilir. Ağ Şəhərdə əsasən üç növ – çinar, şam və zeytun ağaclarının əkilməsinə üstünlük verilir. Çinar ağacları əsasən yolların kənarında, şam ağacları müxtəlif yaşıllıq sahələrində, zeytun ağacları isə binalar arasındakı kölgəli küçələrdə əkilir".