SİYASƏT
Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün ən münasib məkandır
![Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün ən münasib məkandır](/files/2016/1/1200x630/14616627206268416055_1200x630.jpg)
Bakı, 26 aprel, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin möhkəmlənməsinə yönəlmiş mühüm addımdır. Bu baxımdan Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün ən münasib məkandır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir VII Qlobal Forumun açılış mərasimində söyləyib.
Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, Sivilizasiyalar Alyansı radikallaşmanın və qütbləşmənin qarşısını almaqla, mədəniyyətlərarası anlaşmanı təşviq etməklə, bu məqsədlərin həyata keçirilməsi ilə bağlı layihə və proqramlarda iştirak etməklə daha təhlükəsiz dünyanın qurulması işinə töhfə verir. Bununla bağlı əldə edilən nailiyyətləri nəzərdən keçirmək, üzləşdiyimiz çağırışları, qarşımızda duran vəzifələri araşdırmaq baxımından Bakı Forumu yaxşı imkanlar yaradır.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi VII Qlobal Forumun mövzusunun 2030-cu il üçün davamlı inkişaf gündəliyinə uyğun olduğunu vurğulayıb.