Bakı Dövlət Universitetində mərhum tələbə Kamran Babazadənin xatirəsi anılıb
Bakı, 5 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsində 2015-ci ildə avtomobil qəzasında həyatını itirən mərhum tələbə Kamran Babazadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə K.Babazadənin həyatından bəhs edən “19-cu Bahar” kitabı və klip təqdim olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin professor-müəllim və tələbə heyətinin, o cümlədən qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələrinin, jurnalistlərin iştirak etdiyi tədbirdə coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova mərhumu savadlı, çalışqan, qabiliyyətli və gülərüz tələbə kimi xarakterizə edib, onun xatirəsinin müəllimləri, yaxınları və dostları üçün hər zaman əziz qalacağını bildirib.
Tədbirdə Milli Məclisin deputatı Adil Əliyev, coğrafiya faklütəsinin dekan müavini, dosent Ramiz Əhlimanov, iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov, kafedranın baş müəllimi Mübariz Orucov, jurnalist-publisist Telli Pənahqızı, ailə dostları Kamran Nəsibov K.Babazadənin savadlı və seçilən tələbələrdən olduğunu bildiriblər.
Məktəb müəllimləri adından 49 saylı intellekt liseyinin müəllimi Sevinc Nağıyeva, tələbə dostları adından qrup yoldaşı Faiq Əbdülrəhmanov çıxış edərək K.Babazadə ilə bağlı xatirələrini bölüşüblər. Mərhuma həsr olunmuş klipin rejissoru Zamiq Quliyev, kitabın həmmüəlliflərindən olan şair-publisist İsa Rəvan K.Babazadənin incəsənətə, ədəbiyyata olan marağından bəhs edib, xatirəsini əbədiləşdirmək üçün ərsəyə gələn klip və kitabdan danışıblar.
Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova mərhumun anasının dərdinə şərik olduğunu bildirib.
Sonda K.Babazadənin anası Mailə Babazadə övladının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə univeristet rəhbərliyinə və təşkilatçılara təşəkkür edib.
Qeyd edək ki, K.Babazadə 1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-2014-cü illərdə 49 saylı intellekt liseyində təhsil alıb, 2014-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olub, bir il sonra avtomobil qəzasında dünyasını dəyişib.