Bakı Dövlət Universitetində uğurlu elmi araşdırmalar aparılıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Bakı Dövlət Universitetində (BDU) elmi şuranın genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə tədbir iştirakçıları universitetdə aparılan elmi tədqiqatların nəticələrini əks etdirən sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərinin tam azad, demokratik və şəffaf şəraitdə təşkil olunduğunu qeyd edib və bu seçkilərdə İlham Əliyevin çox böyük üstünlüklə qalib gəldiyini bildirib. Vurğulanıb ki, seçkilərdə Azərbaycan xalqı yenə də sabitliyə, ədalətə, inkişafa səs verib. İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi xalqımızın qələbəsidir.
Rektor müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahəyə daim xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Rektor BDU-da elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlər, həyata keçirilən layihələr, qazanılan uğurlar barədə məlumat verib.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadənin ötən il universitetdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı təqdimatı dinlənilib. Prorektor qeyd edib ki, BDU-nun 17 fakültəsinin 124 kafedrasında, iki elmi-tədqiqat institutunda, üç elmi-tədqiqat mərkəzində və 23 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ümumiyyətlə, ötən il BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən 81 istiqamətdə 185 mövzu üzrə 1.046 elmi iş yerinə yetirilib.
A.Kazımzadə universitetdə fəaliyyət göstərən dissertasiya şuralarında müdafiə olunan işlərdən, əməkdaşlar tərəfindən respublikada və xaricdə nəşr etdirilən əsərlərdən, universitetdaxili, respublika və beynəlxalq əhəmiyyətli qrant layihələrindən, elmi kitabxananın, universitet nəşriyyatının fəaliyyətindən, BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin uğurlarından və digər məsələlərdən bəhs edib.
Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərdən danışan prorektor hesabat ilində respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 19 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqavilələri imzalandığını diqqətə çatdırıb.
Prorektor BDU-da tələbələrin elmi tədqiqatlara cəlb edilmələrinə xüsusi önəm verildiyini vurğulayıb.
Akademiklər Dilqəm Tağıyev, Vasif Babazadə Azərbaycan Milli Elmlər Akademiyası ilə BDU arasındakı elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb, elm və təhsilin inkişafı ilə bağlı fikirlərini bildiriblər.
İclasda ötən il elmi-tədqiqat işlərinin nəticələrinə görə fərqlənənlər, həmçinin elm və təhsildə səmərəli xidmətləri olan alimlər mükafatlandırılıblar.