Bakı Dövlət Universitetinin tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər
Bakı, 16 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər. İki ay davam edəcək istehsalat təcrübəsi Zoologiya İnstitutu ilə BDU arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, hazırda tələbələr bu elm müəssisəsinin Tətbiqi Zoologiya Mərkəzində elmi istehsalat təcrübəsinə başlayıblar. Mərkəzin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru İlhamə Səfərova tələbələrə həşəratın anatomiya və fiziologiyası, qərzəkli meyvə bitkilərinin zərərvericiləri və laboratoriya şəraitində bəslənilən digər növləri haqqında elmi-metodik məlumat verib.
Mərkəzin kiçik elmi işçisi Rəfiqə Əliyeva respublikada mövcud olan bal arılarının biologiyası, xəstəlikləri və yaranma səbəbləri haqqında tələbələrə geniş məlumat verməklə yanaşı, arı xəstəliklərinin diaqnostik əlamətlərini işıq mikroskopu vasitəsilə əyani göstərib.
Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçiləri Ləman Dadaşova və İsmayıl Mikayılzadə laboratoriyada bəslənilən və çoxaldılan tibb zəlisi, onun morfoloji və bioloji xüsusiyyətləri, müxtəlif rejimlərdə inkişafı və qidalanması, çoxaldılma üsullarından danışıb, prosesləri əyani olaraq tələbələrə izah ediblər.
Mərkəzin aparıcı elmi işçisi Əli Məmmədov riyazi modelləşdirmə, onun biologiyaya tətbiqi haqqında, institutda aparılan tədqiqatlar və onların əhəmiyyəti barədə tələbələrə məlumat verib.