MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında Argentina Duran konsert proqramı ilə çıxış edib
Bakı, 24 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Argentina Duranın solo konserti olub.
Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, Meksikanın ölkəmizdəki səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.
Konsertdə pianoçunun bənzərsiz ifasında dünya bəstəkarlarının əsərləri səsləndirilib. Auditoriyaya ilk dəfə təqdim olunan musiqi nömrələri dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, A.Duran 7 yaşında Meksikanın Xalapa şəhərində Uşaq Musiqi Sənəti Mərkəzində (Centro de Iniciacion Musical Infantil, CIMI) fortepiano təhsili alıb. Sonralar CIMI Verakrus orkestrində solist kimi çıxış edib. On bir yaşında Verakrus Universitetinin musiqi fakültəsinə qəbul edilib və Xalapa simfonik orkestrinin solisti olmaq üçün keçirilən müsabiqənin qalibi olub. Hazırda fortepiano ixtisası üzrə pedaqoji fəaliyyətlə də məşğul olan A.Duran Meksikanın Milli Konservatoriyasında çalışır.