Bakı şəhər halqası ətrafındakı müvəqqəti qurğuların sökülməsinə başlanılıb
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan iyunun 17-19-da möhtəşəm yarışa - Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdi. Həm pilotlar, həm də bu yarışla əlaqədar ölkəmizə səfər edən qonaqlar, azarkeşlər Bakıdan xoş təəssüratlarla ayrıldılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 23-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, hazırda trek ətrafındakı baryerlərin, tribunaların və pit binasının sökülməsinə başlanılıb. Bütün bunlar müvəqqəti xarakter daşıyırdı. Qurğuların sökülməsi prosesi altı həftə davam edəcək. Konstitusiya Məhkəməsinin qarşısındakı və Azneft meydanındakı tribunaların sökülməsinə artıq start verilib. Nəqliyyatın hərəkəti üçün əsas yollar artıq açılıb. Həmçinin nəqliyyatın fasiləsiz hərəkəti təmin olub. Eyni zamanda, binaların girişində və mağazaların qarşısındakı baryerlər də götürülüb.
T.Butçer sökülən avadanlığın üstü qapalı üç böyük anbarda saxlanılacağını bildirərək deyib: “Müqaviləyə əsasən, Formula-1 yarışları Azərbaycanda 5 il keçiriləcək. Bu müddət üçün avadanlığın böyük əksəriyyəti alınıb. Onların bir hissəsi isə icarəyə götürülüb. Növbəti 5 ili yüksək səviyyədə keçirdikdən sonra vəziyyətə baxılacaq. Yarışların yenə Bakıda təşkil olunmasına qərar verilsə, həmin avadanlıqdan istifadə etmək mümkün olacaq. Bütün avadanlıq və qurğular anbarlara yerləşdiriləcək. Gələn il onlar çıxarılıb təmizlənəcək və yenidən quraşdırılacaq”.
O vurğulayıb ki, ABŞ-dan gətirilmiş xüsusi təhlükəsizlik baryerləri ilk dəfə olaraq Formula-1 yarışlarında məhz Bakıda istifadə olunub və onlara zərər dəyməyib. Pilotlar həmin baryerlər olan hissələrdə qəza törətməyiblər. Növbəti beş il ərzində biz onlardan yenə istifadə edəcəyik.