BAKI ŞƏHƏRİNİN TƏHSİL İCTİMAİYYƏTİ DAĞIDICI MÜXALİFƏTƏ QƏTİ ETİRAZINI BİLDİRİR
Toplantıda çıxış edənlər Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı bəzi müxalifət qəzetlərində dərc edilən uydurma, heç bir əsası olmayan məlumatların, nalayiq yazıların xalqımızın bütün təbəqələrində olduğu kimi, təhsil ictimaiyyətində də dərin qəzəb və nifrət hissi doğurduğunu bildirdilər. Belə məlumatları, yazıları dərc edən “Yeni Müsavat”, “Azadlıq” və digər qəzetlərə qarşı ciddi tədbirlər görülməsini, məsuliyyətə cəlb olunmasını təkidlə tələb etdilər.
Toplantıda paytaxtın təhsil ictimaiyyəti adından bəyanat qəbul olundu.
BAKI ŞƏHƏR TƏHSİL İCTİMAİYYƏTİNİN
BƏYANATI
Müstəqil Azərbaycan milli dövlətçiliyimizin həyatında taleyüklü hadisə olan 15 oktyabr prezident seçkilərinə hazırlaşır. Ölkəmizdə bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik, uğurlu hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi prezident seçkilərinin açıq, şəffaf və ədalətli keçirilməsinə əsaslı təminat verir.
Ölkəmiz üçün mühüm siyasi hadisə ərəfəsində, həmişə olduğu kimi, yenə də bir sıra müxalifət qüvvələri demokratik yolla hakimiyyətə gələ bilməyəcəklərini, növbəti dəfə də tam məğlubiyyətə uğrayacaqlarını bilərək təxribatlar törətməyə, məqsədli şəkildə qərəzli informasiyalar yaymağa, ictimaiyyəti çaşdırmağa cəhdlər edirlər. Bakı şəhərinin çoxminli təhsil işçiləri növbəti prezident seçkiləri ərəfəsində belə cəhdləri Azərbaycan xalqına və dövlətinə qarşı aparılan çirkin siyasi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirirlər.
Biz, Bakı şəhərinin təhsil ictimaiyyəti son günlər bəzi müxalifət mətbuatında, xüsusən “Yeni Müsavat”, “Hürriyyət”,”Azadlıq” və sair qəzetlərin səhifələrində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin səhhəti ilə əlaqədar insanlığa, mənəviyyata, xalqımızın adət-ənənələrinə, etik normalara, mənəvi və əxlaqi dəyərlərə sığmayan, həqiqətdən uzaq, qərəzli yazılardan son dərəcə hiddətləndiyimizi bildirir və bəyan edirik:
Cənab Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan inkişaf etmiş, qüdrətlənmiş, beynəlxalq aləmdə nüfuz qazanmış, dünya birliyinə uğurla inteqrasiya olunmuşdur. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və tərəqqisi məhz cənab Heydər Əliyevin adı ilə bağlıdır.
Təhsil işçiləri qətiyyətlə bildirirlər ki, Azərbaycanı parçalanmaqdan və məhv olmaqdan, vətəndaş müharibəsindən xilas edən, ölkənin ən çətin və gərgin anlarında öz xalqı ilə çiyin-çiyinə addımlayan, onun önündə gedən Heydər Əliyevin bu gün prezident olmağa hamıdan daha çox haqqı və hüququ vardır. Biz təhsil işçiləri yaxşı bilirik ki, inkişaf etməkdə olan iqtisadiyyat, ölkəmizin qüdrətlənməsinə yönəlmiş möhtəşəm neft strategiyası, beynəlxalq aləmdə artan nüfuzumuz, xalqın xoşbəxt gələcəyinə böyük inam məhz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü, müdrik daxili və xarici siyasətin nəticəsidir.
Son illərdə büdcədən təhsil sisteminə ayrılan vəsaitin kəskin şəkildə artması, təhsil işçilərinin əmək haqqının hiss olunacaq dərəcədə, dəfələrlə yüksəlməsi, təhsil sahəsində islahatların uğurla aparılması, yeni məktəblərin tikintisi proqramlarının dövlət səviyyəsində reallaşdırılması, təhsil sahəsinə investisiyaların cəlb edilməsi, ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, ibtidai sinif dərsliklərinin pulsuz verilməsi, ölkəmizdə insan inkişafı indeksinin yüksəlməsi məhz cənab Heydər Əliyevin uğurlu təhsil siyasəti nəticəsində mümkün olmuşdur.
Ölkənin gələcək tərəqqisinin bilavasitə təhsillə bağlı olduğunu və dövlət siyasətində təhsilə öncül yer verildiyini nəzərə alsaq, cənab Prezidentin təhsilin inkişafı naminə titanik fəaliyyətinin nə dərəcədə müstəsna əhəmiyyət kəsb etdiyinin şahidi olarıq.
Fikrimizcə, yalnız təhsil sahəsində deyil, bütün sahələrdə genişmiqyaslı inkişafı nəinki görməmək, hətta danmaq ən azı nankorluqdur. Müxalifət mətbuatı qərəzli və əsassız iddiaları ilə ölkə ictimaiyyətini çaşdırmaq məqsədi güdür. Lakin bu, baş tutmayacaqdır. Xalqın inamı qətidir. Növbəti prezident seçkilərində təhsil ictimaiyyəti də xalqımızın sınanmış lideri Heydər Əliyevin namizədliyini dəstəkləməklə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, tərəqqisinə səs verəcəkdir.
Bakı şəhərinin çoxminli təhsil işçiləri ölkə ictimaiyyətinin rəyinə yekdilliklə qoşularaq, müxalifət dairələrinin dövlətçiliyə və xalqa zidd əməllərini, etik və mənəvi normalarla uzlaşmayan, Konstitusiyaya zidd hərəkətlərini qətiyyətlə pisləyir, sabitliyi pozmaq üçün təxribat törətmək cəhdlərinin qarşısının qanunun gücü ilə alınmasını tələb edir.