Bakı Slavyan Universitetində anım mərasimi: “Aprel - qələbəyə doğru bir addım”
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Bakı Slavyan Universitetində (BSU) Aprel döyüşlərinin ikinci ildönümünə həsr edilən “Aprel - qələbəyə doğru bir addım” adlı anım mərasimi keçirilib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova 2016-cı ilin aprelində baş verən hadisələri tariximizin qürurverici səhifəsi adlandırıb. Qeyd edib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib. Prorektor Aprel şəhidlərinin, eləcə də Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olan BSU-nun 2015-ci il məzunu Vüqar Süleymanovun xatirəsinin hər zaman uca tutulacağını deyib. O, 1991-1992-ci illərdə BSU-nun Vətən uğrunda şəhid olan altı məzunu üçün universitetdə xüsusi guşənin yaradılacağını qeyd edib.
“Aprel döyüşləri və zəfər yürüşü” mövzusunda məruzə ilə çıxış edən dosent Sadir Məmmədov bildirib ki, bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, dünyaya bir daha nümayiş etdirdi.
Dosent Əsgər Əhməd BSU-nun məzunu, şəhid Vüqar Süleymanovun tələbəlik illərindən və döyüş yolundan söz açıb. Bildirib ki, V.Süleymanov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalına layiq görülüb.
Sonra tələbələr Aprel şəhidlərinin həyat yolundan danışıb, qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.
Sonda “Aprel - qələbəyə doğru bir addım” adlı videoçarx nümayiş olunub.