İQTİSADİYYAT
Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin təşkili məsələləri müzakirə edilmişdir
Bakı, 12 iyul (AZƏRTAC). Nəqliyyat Nazirliyində 2015-ci ildə paytaxtımızda I Avropa Oyunlarının keçirilməsi zamanı nəqliyyat xidmətlərinin təşkilinə dair Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən cəlb edilmiş mütəxəssislərlə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəqliyyat nazirinin müavini Musa Pənahov görüşdə I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar yol-nəqliyyat kompleksində görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu məqsədlə artıq Nəqliyyat Nazirliyində müvafiq işçi qrupu yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir.
Tədbirdə mütəxəssislər idman oyunlarının keçiriləcəyi yerlər barədə məlumatları və nəqliyyat xidmətlərinin təşkili ilə əlaqədar tövsiyələri əks etdirən təqdimatla çıxış etmiş, yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin təşkili üçün mütəmadi olaraq belə görüşlərin keçirilməsinin və işçi qaydada müzakirələrin təşkilinin vacibliyini vurğulamışlar
Sonda qonaqların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə səfəri təşkil olunmuş və mərkəzin texniki imkanları barədə ətraflı məlumat təqdim edilmişdir.