MƏDƏNİYYƏT
Bakıda “Azerbaijan Art Festival - 2014” layihəsi başa çatıb
Bakı, 26 iyul (AZƏRTAC, Arzu Rəcəbova). İyulun 26-da “Baku Creative Center” sərgi salonunda “Azerbaijan Art Festival - 2014” layihəsi çərçivəsində yekun sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Baku Creativ Center” sərgi salonunun direktoru Emin Yasinov toplaşanların hamısına təşəkkürünü bildirib və festival haqqında təəssüratlarını bölüşüb. O qeyd edib ki, “Azerbaijan Art Festival - 2014” festivalı gözlənildiyindən də uğurlu olub.
Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev bildirib ki, belə tədbirlərin keçirilməsi gənc rəssamların inkişafında və formalaşmasında böyük rol oynayır.
Ekspozisiyada Lalə Ağayeva, Asimə Səmədli, Mehriban Şəmsəddinskaya, Pərviz Əsədov, Səmra Axundova və başqalarının işləri nümayiş etdirilib.
Festivalın iştirakçılarına sertifikatlar təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyi, “Baku Creative Center” və “Nar Mobile” şirkətinin dəstəyi ilə təşkil olunmuş “Azerbaijan Art Festival - 2014” festivalı iyulun 2-dən 24-dək Azərbaycanın Astara, Lerik, Yardımlı, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa kimi regionlarına turne şəklində təşkil olunmuşdu.