CƏMİYYƏT
Bakıda Beynəlxalq Dini Azadlıq Günü qeyd edilib VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Beynəlxalq Dini Azadlıq Günü ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirinin iqamətgahında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Britaniyanın ölkəmizdəki səfirinin müavini Stiven Makkornik Birləşmiş Krallığın daim müxtəlif icmalar arasında dini azadlığı dəstəklədiyini vurğulayıb. O bildirib ki, Böyük Britaniya dini etiqad azadlığına önəm verir.
Diplomat Azərbaycanın əsrlərboyu dini icmalar arasında tolerantlığın təşviqinə görə böyük hörmət qazandığını vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bununla bağlı fəaliyyət bundan sonra da davam etdiriləcək. O vurğulayıb ki, milli mənəvi dəyərlərimizin əsasında dinimiz dayanır və hər bir dəyərimiz bu və ya digər formada məxsus olduğumuz dinimizə aiddir. Səyyad Salahlı deyib ki, Azərbaycanın sivilizasiyaların qovuşuğunda yerləşməsi, müxtəlif dinlərlə tarixən təmasımızın olması xalqımızın mədəniyyətinə, adət-ənənələrinə təsir göstərib. Azərbaycan tolerantlığın məkanı kimi məşhurdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, İslam dini insan hüquqlarını, xüsusilə qadın və uşaq hüquqlarını qoruyan, ailədə qarşılıqlı anlaşmanı, qadına hörmət etməyi, təhsilin vacibliyini təbliğ edən dindir. O qeyd edib ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olub. Hazırda Azərbaycan İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı nümunəvi ölkələrdən biridir.